Peşə təhsilində özbaşınalıq!
8-01-2026, 11:18

Peşə təhsilində ciddi və sistemli nöqsanlar mövcuddur. Bu barədə Tehsilmedia.az olaraq dəfələrlə yazmışıq.
Təəssüf ki, demək olar ki, hər kəs öz qohum-tanışını attestatı belə rüşvətlə əldə edilmiş, heç vaxt real istehsalatda və ya peşə sahəsində çalışmamış şəxsləri peşə təhsili müəssisələrinə müəllim kimi yerləşdirir. Pedaqoji düşüncəsi olmayan, məktəb mühiti və şagirdlə münasibət anlayışından uzaq, hətta ictimai fəaliyyətə belə qatılmayan şəxslər “şirinlik”, “dayday” hesabına peşə təhsili üzrə dərs deyirlər.
Əgər doğrudan da peşə təhsilini inkişaf etdirmək istəyiriksə, bu sahəyə külli miqdarda vəsait ayrılırsa, bəs bu özbaşınalığın kökündə duran səbəb nədir?
Peşə təhsilində müəllimlik sanki bir-birinə “hədiyyə” edilir. Üstəlik, eyni şəxsin 2–3 müxtəlif məktəbdə müəllim kimi işləməsi halları da geniş yayılıb. Saat azlığı bəhanə edilərək bu cür qeyri-qanuni “oyunlar” rahatlıqla həyata keçirilir.
Daha acınacaqlısı isə koordinatorların belə formal şəkildə seçilməsidir. Bəzi hallarda həmin şəxslər ümumiyyətlə məktəbdə olmur, öz şəxsi işləri ilə məşğul olur, kağız üzərində sənədlər yazılır, nəticədə heç bir real fəaliyyət göstərilmədən maaş alınır.
Ümid edirik ki, bu özbaşınalıq, hətta açıq-aşkar biabırçılıq tezliklə öz həllini tapacaq. Müəllimlik adını bu qədər ucuzlaşdırmaq, bilik və sənəd sahiblərini alçaltmaqla nə peşə təhsilini inkişaf etdirmək, nə də cəmiyyətə faydalı kadr yetişdirmək mümkündür.

