Bakıda taksidə şok "qiymət siyahısı": "Dərd dinləmək 12, əsəbi etmək 44 manat" + FOTO
25-02-2026, 00:10

Bakıda taksi sürücülərindən birinin avtomobilinə vurduğu elan sosial şəbəkələrdə böyük marağa və müzakirələrə səbəb olub.
32gun.az xəbər verir ki, jurnalist Bəxtiyar Firuzənin paylaşdığı fotoda sürücünün sərnişinlər üçün hazırladığı qeyri-adi "xidmət menyusu" əks olunub.
Sürücü sərnişinlərin yol boyu verdiyi suallardan və danışdığı problemlərdən bezdiyini yumoristik, həm də "rəsmi" dillə ifadə edib. Belə ki, avtomobilin oturacağına bərkidilən siyahıda hər bir mövzunun öz qiyməti var.
Sürücü ilə dərdləşmək pulu ilədir
Təqdim olunan "qiymət cədvəli"ndə sərnişinləri ən çox maraqlandıran və narahat edən mövzular aşağıdakı kimi tariflənib:
Ailə problemləri: 25 AZN
İş problemləri: 25 AZN
Sevgi problemləri: 21 AZN
Dərdini danışmaq: 12 AZN
Məsləhət almaq: 26 AZN
"Əsəbi etmək" bahadır, "Tanışlıq" isə ikiqat!
Siyahıda ən diqqətçəkən məqam isə sürücünün səbrinin qiymətidir. Sərnişin sürücünü əsəbi edərsə, bu ona 44 manata başa gələcək. Şəxsi həyatla bağlı suallar isə siyahının ən bahalı xidmətidir — 55 AZN.
Bundan əlavə, sürücü "hörmət" gözləyənləri də unudub. Elanın sonunda qeyd olunur ki, "Dost, tanış, qohum adından istifadə edənlərə qiymət 2 qat hesablanır".
Sosial şəbəkə istifadəçiləri bu paylaşıma müxtəlif reaksiyalar veriblər. Bir çoxları bunu sürücünün kreativ yanaşması kimi qiymətləndirsə də, bəziləri bu mənzərənin sərnişin-sürücü münasibətlərindəki gərginliyin bir göstəricisi olduğunu bildiriblər.

