Hövsanda hasarı sökən maskalılar Suraxanı RİH-in əməkdaşları olub - RƏSMİ
26-02-2026, 00:11

İki gün öncə Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 nömrəli Hövsan Zeytunçuluq savxozu ərazisində üç maskalı şəxsin hasar sökməsi ilə bağlı məlumat vermişdik.
Bizimesr.az bildirir ki, iddialara görə, rayon ərazisində özlərini guya şəhərsalma və ya icra hakimiyyəti əməkdaşları kimi təqdim edən, lakin kimliklərini açıqlamayan maskalı şəxslər peyda olmuşdu. Onlar evlərin və hasarların söküntüsünə başlamış, üzlərini qara gödəkçə, qara papaq və qara eynək vasitəsilə gizlədir, heç bir rəsmi sənəd təqdim etmədən ərazidəki obyektləri sökürdülər.
Hadisə qəsəbə sakinləri arasında narahatlıq yaratmışdı. Bir çox suallar meydana çıxmışdı - Bu şəxslər kimdir? Hansı qurumu təmsil edirlər? Üzlərini niyə gizlədirlər? Hansı qanun onlara maskalı şəkildə söküntü aparmağa icazə verir? Söküntü qərarları ilə bağlı sakinlərə rəsmi bildiriş təqdim olunubmu?
Bu gün Suraxanı Rayon İcra Hakimiyyəti məsələ ilə bağlı açıqlama yayıb.
Bizimesr.az bildirir ki, maskalı şəxslər əslində Suraxanı Rayon İcra Hakimiyyəti yanında "Özbaşına tikintilərə qarşı mübarizə və məhkəmədənkənar torpaq mübahisələrinin həlli üzrə komissiya"nın üzvləridir.
Rəsmi açıqlama
"Bildiririk ki, özbaşına tikinti işlərinin aparılmasının və torpaq zəbtinin qarşısının alınması məqsədi ilə Suraxanı Rayon İcra Hakimiyyəti yanında "Özbaşına tikintilərə qarşı mübarizə və məhkəmədənkənar torpaq mübahisələrinin həlli üzrə komissiya"nın üzvləri tərəfindən keçirilmiş reyd zamanı Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 nömrəli Hövsan Zeytunçuluq savxozu ərazisində vətəndaş tərəfindən özbaşına qeyri-yaşayış obyektinin tikintisi işlərinin aparılması halı aşkar edilmiş, sözügedən tikintinin qarşısı alınmış və vətəndaşa işlərin dayandırılması yazılı tövsiyə edilmişdir".
Lakin qanunvericilikə əsasən, qanunsuz tikinti söküldüyü zaman vətəndaşların təhlükəsizliyi təmin edilməli, söküntü aktı tərtib olunmalı, iş aidiyyatı olan qurumların razılığı və iştirakı ilə həyata keçirilməlidir. Maskalı və rəsmi sənədsiz söküntü halları, bu prosedurlara tam riayət olunmadığı təqdirdə, hüquqi baxımdan problemli sayılır.
Sakinlər arasında yaranan narahatlıq isə əsaslıdır və gələcəkdə belə əməliyyatların qanun çərçivəsində, şəffaf şəkildə həyata keçirilməsi vacibdir.

