Heyvan sayı azalır, idxal artır: Bazarda ət bahalaşacaq?
5-03-2026, 12:34

Son illərdə Azərbaycanda iribuynuzlu və xırdabuynuzlu heyvanların sayı azalmaqdadır. Bu tendensiya yerli istehsalın daralmasına, həmçinin bazarda ət məhsullarının təchizatının azalmasına səbəb ola bilər.
Bu vəziyyət gələcəkdə ət qıtlığı və qiymət artımına yol aça bilərmi? Mövcud vəziyyət ölkənin ət üzrə idxaldan asılılığını artırırmı?
Bu barədə iqtisadçı Xalid Kərimli Patrul.az-a açıqlamasında bildirib ki, heyvan sayının azalması idxaldan asılılığı artırır və bu, qiymət artımına səbəb ola bilər, amma birbaşa ət qıtlığı yaratmır:
“Birincisi, heyvandarlıqda heyvanların sayının azalması idxaldan asılılığı artırır. Bu, birmənalı şəkildə o deməkdir ki, yerli istehsal və yerli yetişdirmə azaldıqca idxaldan asılılıq artır.
İkinci məsələ, bu vəziyyət ət qıtlığına gətirib çıxara bilərmi? Xeyr, birbaşa ət qıtlığına səbəb olmayacaq. Çünki çatışmazlıq yarandığı halda idxal hesabına tələbat ödənilə bilər. Sadəcə olaraq, idxaldan asılılığımız artacaq.
Qiymət artımına səbəb ola bilərmi? Bəli, səbəb ola bilər. Burada iki nüans var. Bir tərəfdən, idxalın artması qiymətləri aşağı da sala bilər. Məsələn, bəzi ölkələrdə – o cümlədən Monqolustanda və digər ölkələrdə ət daha ucuz istehsal olunur və dondurulmuş ət daha sərfəli qiymətə təklif edilə bilər”.
İqtisadçı qeyd edir ki, əhalinin təzə, yerli ətə üstünlük verməsi idxal olunan dondurulmuş ətə tələbatı fərqləndirir və qiymətlərin artıb-artmayacağını qeyri-müəyyən edir:
“Digər tərəfdən isə əhalinin istehlak vərdişləri rol oynayır. İnsanlar daha çox təzə, yerli kəsilmiş ətə üstünlük verirlər. Halbuki idxal əsasən dondurulmuş ət şəklində olur və bu məhsula tələbat fərqli ola bilər. Ona görə də qiymətlərin artıb-artmayacağını birmənalı demək çətindir. Bu halda əsas məsələ ondan ibarətdir ki, bizim dünya bazarındakı qiymətlərdən asılılığımız artacaq”.

