Universitetlərdə BÖYÜK DƏYİŞİKLİK: Qiyabi oxuyanlar əsgər gedəcək? - DETALLAR

5-03-2026, 15:34           
Universitetlərdə BÖYÜK DƏYİŞİKLİK:
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilməsi təşəbbüsü ölkənin hüquqi və sosial gündəmində diqqət çəkən yenilik kimi dəyərləndirilir. Təklif Ombudsman Səbinə Əliyeva irəli sürüb və artıq Milli Məclis müzakirəsinə təqdim olunub.

Təklifin mahiyyətində dayanan əsas arqument ondan ibarətdir ki, hazırda yalnız əyani təhsil alanlara möhlət hüququnun verilməsi müəyyən fərqlilik yaradır və təhsil sistemində bərabərlik prinsipinə tam uyğun gəlmir. Qiyabi təhsil alanların da eyni hüquqi statusa malik olması məsələsi həm sosial ədalət, həm də insan hüquqlarının müdafiəsi prizmasından aktuallıq qazanır.

Bəs qiyabi təhsil alanlara niyə möhlət verilmir? Bunun üçün hansı addımlar atıla bilər?

Mövzu ilə bağlı Patrul.az-a fikirlərini bildirən təhsil eksperti Qoşqar Məhərrəmov söyləyib ki, möhlət hüququ əslində təhsil alanın ali təhsil müəssisəsinə gedib-gələ bilməsi üçün nəzərdə tutulur:

“Qiyabi təhsil alanlar isə müntəzəm olaraq universitetə gedib-gəlmədiyi üçün belə bir imtiyazın həmin tələbələrə verilməməsi düşünülür. Universitetə getməyən tələbələr hərbi xidmətə cəlb oluna bilər.

Ümumilikdə qiyabi təhsil bütün dünyada müzakirə mövzusudur. Qiyabi təhsili onlayn təhsil ilə əvəzləmək müzakirə olunur. Bildiyiniz kimi, Azərbaycanda da Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) artıq xaricdə əldə olunmuş qiyabi diplomları tanımır. Demək, bizim də müəssisələrimizdə gözləniləndir ki, qiyabi təhsil forması qısa müddətdə ləğv olunsun. Qiyabi ixtisaslar ləğv olunduqca bunun alternativ modelləri inkişaf etdirilməlidir. Beləcə həm universitetlər tələbə itirmiş olmaz, həm də tələbələr bu haqdan məhrum qalmaz”.

Ekspert abituriyentlərin hər hansısa səbəbdən dolayı əyani təhsil ala bilmədiyi təqdirdə, qiyabi yox, sinxron və ya asinxron distant təhsil ala biləcəyini qeyd edib:

“Sinxron təhsil həm müəllimin, həm də tələbənin onlayn olduğu təhsil formasıdır. Asinxron təhsildə isə tələbə onlayn, müəllim oflayn olur. Yəni, dərslər video-materiallar şəklində bir portala yerləşdirilir, tələbə həmin tapşırıqları yerinə yetirib müəllimlərə göndərir. Düşünürəm ki, yaxın gələcəkdə qiyabi təhsil formasını dəyişəcək və distant təhsilə keçid olacaq. Ona görə də qiyabi təhsil alan tələbələrə möhlət hüququnun verilməsini əsassız hesab edirəm”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru