ABŞ-İsrail-İran gərginliyi neft bazarını silkələdi - Qiymətlər 20 %-ə yaxın bahalaşdı
5-03-2026, 16:35

ABŞ-İsrail-İran xəttində gərginliyin artması beynəlxalq enerji bazarlarında ciddi narahatlıq yaradıb. Xüsusilə Yaxın Şərqdə hərbi risklərin yüksəlməsi neftin qiymətinə birbaşa təsir edən əsas amillərdən biri hesab olunur. Çünki region həm hasilat, həm də nəqliyyat marşrutları baxımından strateji əhəmiyyət daşıyır.
Bəs əgər hərbi qarşıdurma daha da genişlənər və uzunmüddətli xarakter alarsa, neft qiymətlərində artım davam edə bilərmi? Mövcud gərginlik qlobal enerji bazarında yeni qiymət dalğasına səbəb olacaqmı?
Bu barədə iqtisadçı Natiq Cəfərli Patrul.az-a açıqlamasında bildirib ki, geosiyasi gərginlik fonunda neft 15-20 % bahalaşsa da, fundamental səbəb olmadığı üçün risklər azaldıqca qiymətlərin yenidən enəcəyi gözlənilir:
“Neft qiymətlərinə artıq təsir edib, neftin qiyməti 15 %-ə qədər bahalaşıb, hətta artım 20 %-ə yaxınlaşıb. Gərginlik artdıqca neftin qiyməti də yüksəlir və bu, təbii haldır. Geosiyasi risklər də neft qiymətlərinə təsir göstərir. Lakin bu artım müvəqqəti xarakter daşıyır. Yəni neft qiymətlərinin yüksəlməsi üçün fundamental səbəb yoxdur.
Hazırda neft çatışmazlığı və ya hasilatda ciddi problem müşahidə edilmir. Buna görə də geosiyasi gərginlik azaldıqca, xüsusilə İran ətrafında müəyyən müsbət siqnallar və ya danışıqlarla bağlı açıqlamalar olarsa, neft qiymətlərinin yenidən enəcəyi gözlənilir”.

