Evinə çıxarış almaq istəyənlərə ŞAD XƏBƏR: Rəsmi qərar verildi ?

18-03-2026, 00:07           
Evinə çıxarış almaq istəyənlərə ŞAD XƏBƏR:
Azərbaycanda çıxarışı olmayan minlərlə fərdi yaşayış evinin sənədləşdirilməsi ilə bağlı yeni mərhələyə start verilir. Nazirlər Kabinetinin Milli Məclisə təqdim etdiyi 2025-ci il üzrə fəaliyyət hesabatına əsasən, artıq 6 növ sənəd çıxarış almaq üçün hüquqi status qazanıb.

Bu yenilik mülkiyyət hüququ tanınmayan və çıxarışın olmaması səbəbindən gündəlik həyatda ciddi çətinliklərlə üzləşən vətəndaşlar üçün mühüm əhəmiyyət kəsb edir. Uzun illər davam edən sənədsizlik problemi artıq təkcə hüquqi məsələ deyil, həm də sosial və məişət çətinliyinə çevrilib.

Millət vəkili Tahir Rzayev bildirib ki, vətəndaşların çıxarış ala bilməməsinin əsas səbəblərindən biri evlərin təhlükəli ərazilərdə yerləşməsidir.

Onun sözlərinə görə, yüksək gərginlikli elektrik xətlərinin altında, qaz kəmərlərinin və dəmir yolu xətlərinin yaxınlığında tikilən evlərə sənəd verilməsi mümkün deyil. Digər hallarda isə sənədlərdə uyğunsuzluqlar mövcuddur və vətəndaşlara tələb olunan sənədləri toplamaqla bağlı dəfələrlə tövsiyələr verilib.

Qeyd olunub ki, mülkiyyət hüququnun təsdiqi üçün torpaq, tikili və xəritə sənədlərinin tam şəkildə təqdim olunması vacibdir və bu istiqamətdə müvafiq icra mexanizmləri mövcuddur.
Ekspert Elnur Azadov isə bildirib ki, 2001-ci ilə qədər müxtəlif qurumlar tərəfindən verilmiş icazə və sərəncamlar artıq qeydiyyata alınır. Onun sözlərinə görə, indiyədək 9 mindən çox sənəd uçota götürülüb və təxminən 100 minə yaxın fərdi yaşayış evinin bu əsasda qeydiyyata alınması gözlənilir.

Mütəxəssislər hesab edir ki, yeni mexanizmlərin tətbiqi sənədsiz evlər probleminin həllində mühüm mərhələ olacaq. Eyni zamanda, illərdir faktiki yaşayış olan evlərin mərhələli şəkildə sənədləşdirilməsi mülkiyyət hüququnun qorunmasına, alqı-satqı və qeydiyyat proseslərinin daha şəffaf aparılmasına imkan yaradacaq.

Bununla yanaşı, təhlükəli ərazilərdə yerləşən tikililərlə bağlı məsələlərin ayrıca qiymətləndirilməsi zəruri hesab olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru