Şuşa rayon icra hakimi Mikayıl Gözəlovun müəmmalı qətli

Bu gün, 17:34           
Şuşa rayon icra hakimi Mikayıl Gözəlovun müəmmalı qətli
Şuşa rayonunun icra hakimi təyin olunduqdan sonra Mikayıl Gözəlov Şuşanın, Qarabağın komandanına çevrilmişdi. Zamanın tələbi ilə 816 saylı özünümüdafiə taborunu yaradanlardan biri idi. Qala Dərəsi, Böyük Qala Dǝrəsi, Salatın kəndlərinin azad edilməsini o təşkil etmişdi. Şuşanı müdafiə edir, həm ərzaqla, həm də silah-sursatla təmin edirdi.
1991-ci ilin dekabrın 11-nə Mikayıl Gözəlovun rǝhbərliyi ilə ciddi əməliyyat planlaşdırılır. Şuşanı mühasirəyə düşmək təhlükəsindən qurtaran, bəlkə də, o müharibədə yaxşılığa doğru ciddi addım olacaq bir əməliyyat. Əməliyyatdan bir saat əvvəl Mikayıl Gözəlov öz kabinetində güllələnir. Mərkəzi xəstəxanada sürücü işləyən Elbrus İbrahimov qəflətən kabinetə girib hansısa erməni əsilli şuşalının güllələnməsi üçün ondan icazə istəyir. İcra başçısı etiraz edir ki, mən sənə kimisə güllələmək üçün necə icazə verə bilərəm?! Bu sözdən sonra Elbrus İbrahimov silahını çəkib, Mikayıl Gözəlovu güllələyir. Qatil məhkəmədə susur. Sonradan bildirir ki, onun kabinetinə öldürmək məqsədi ilə girməyib, mübahisə ora gətirib çıxarıb. Ona verilən güllələnmə cəzası sonradan qanuna müvafiq olaraq, ömürlük həbslə əvəz edilir.
Mikayıl Gözəlovu doğulduğu Ağdamın Mərzili kǝndində dəfn edirlər. Bütün Şuşa onu, onunla birgə Şuşanı ağlayırdı. Az müddət sonra Şuşa arxalarında köhnə sovet ordusu dayanan erməni terrorçuları tərəfindən işğal edilir.
2019-cu ilin yanvarında Mikayıl Gözəlovun qatili Elbrus İbrahimov həbsxanada səhhətində yaranan problemlər səbəbindən ölür. Bəlkə də, böyük bir sirri özü ilə məzara daşıyır.
İstinad: @ramila_qurbanli












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru