Taliban hakimiyyətə gəlişinin 5 ilini qeyd edib

Bu gün, 22:54           
Taliban hakimiyyətə gəlişinin 5 ilini qeyd edib
ABŞ qüvvələri “Əl-Kaida” terror təşkilatıyla mübarizə adı altında Əfqanıstana müdaxilə edəndə qısa zamanda Taliban hərəkatı üzərində qələbə qazandı. ABŞ hərbçilərinin Talibana qarşı müxalif mövqedə olan Şimal Kolaisiyasıyla birgə başlatdığı əməliyyat paytaxt Kabilin ələ keçirilməsiylə tamamlandı. ABŞ hərbçiləri sonrakı müddətdə Əfqanıstanın digər şəhərlərini də Taliban hərəkatından təmizlədilər. O zaman düşünülürdü ki, Taliban hərəkatı özünə gələ bəlməyəcək. Ancaq belə olmadı. Taliban hərəkatı partizan müharibəsinə keçdi. ABŞ Prezidentlərindən əvvəlcə Barak Obama, ondan sonra isə Co Bayden amerikalı hərbçilərin Əfqanıstanda saylarını azaltmağa qərar verdilər. Nəhayət 2021-ci ilin avqust ayında ABŞ hərbçilərinin Əfqanıstanı tərk etməsiylə Taliban yenidən paytaxt Kabili ələ keçirdi.
Taliban hakimiyyətə gəldikdən sonra müxtəlif dövlətlərlə əməkdaşlığa başlamaq istədi. Ancaq bir çox ölkədə Taliban terrorçu qruplaşma kimi dəyərləndirildiyinə görə, Kabildəki rejimlə diplomatik əlaqələri bərpa etmək istəyən dövlətlərin sayı çox olmadı. Birincilər sırasında Çin oldu. Pekin Talibanla əməkdaşlığa başladı, diplomatik əlaqələr qurdu. Çinin Talibanla əməkdaşlığının iki məqsədi var idi. Birincisi, Çin Əfqanıstanın zəngin yeraltı resurslarından istifadə etmək istəyirdi. İkincisi, Pekin Əfqanıstan ərazisində silahlı uyğurların varlığını Çin üçün təhlükə kimi qiymətləndirirdi. Pekin Talibanla əməkdaşlığın və Əfqanıstana yatırımların qarşılığında silahlı uyğurların Çin sərhəddindən uzaq tutulmasını tələb edirdi. Taliban Pekinin bu şərtini qəbul edərək silahlı uyğurların Çinə təhlükə yaratmasının qarşısını aldı. Ancaq Əfqanıstan dağlıq və müxtəlif milli qrupların yaşadığı ölkədir. Taliban böyük şəhərlərə hakim olsa da, Əfqanıstanın tamamına nəzarət etmək imkanına malik deyil. Talibanla Pakistan hakimiyyəti arasındakı gərgin münasibətlər məhz bu amillə qaynaqlanır. Vaxtilə Talibanın yaranmasında və güclənməsində Pakistanın əhəmiyyətli rolu olub. Ancaq Taliban gücləndikdən və Əfqanıstanda əsas gücə çevrildikdən sonra Pakistanla münasibətlər gərginləşdi. Çünki, Əfqanıstan ərazisində Pakistana hücum edən silahlı qruplar mövcuddur. Taliban həmin qruplara nəzarət edə bilmir. Həmin qruplar Pakistan ərazisinə silahlı hücumlar təşkil etdikdə, Pakistanın ordu komandanlığı Əfqanıstana zərbələr endirirlər. Buna cavab olaraq da Taliban hərəkatı Pakistan ərazisinə zərbələr endirirlər. Nəticədə, hər iki tərəfdən mülki insanlar arasında itkilərin sayı artır.
Bu arada, Taliban ABŞ-la diplomatik əlaqələr qurmaq və ABŞ-ın Kabildə səfirliyinin bərpasını istəyir. Vaşinqton buna hazır deyil. Taliban ABŞ Prezidenti Donald Trampın nadir torpaq elementlərinə marağını nəzərə alaraq, Əfqanıstan ərazisində birgə istehsal qurmağı təklif edib. Ancaq Tramp başqa ölkələrdə gəlir əldə etməyə çalışsa da, bunu Talibanla etməyə hazır deyil. Vaxtilə Türkiyə də Əfqanlstana yatırım qoymağa, hətta Kabilin hava limanını bərpa etməyə hazır olduğunu bildirmişdi. Ancaq bu baş tutmadı. Çünki, Talibanın Əfqanıstanda tətbiq etdiyi qadağalar bir çox ölkəni bu qruplaşma ilə əməkdaşlıqdan çəkindirir. Misal üçün Talibanın qadağaları səbəbindən Əfqanıstanda milyonlarla gənc qız orta və ail təhsil almaqdan məhrum olub.
Elxan Şahinoğlu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru