"Amma göytürklər də tarixən çinliləri idarə etmək üçün çinlilərdən istifadə ediblər."

2-12-2025, 10:54           
"Amma göytürklər də tarixən çinliləri idarə etmək üçün çinlilərdən istifadə ediblər."
Bu yaxınlarda Bəxtiyar Vahabzadənin "Özümüzü kəsən qılınc" pyesini oxudum. Əlbəttə, tarixi bir əsər deyil, tamamilə bədii əsərdir və tarixi hadisələrdən çox az bəhrələnib. Əsər boyu xaqan hansısa Çin şahzadəsinin əlində oyuncaq kimi göstərilir. Əslində tarix bir az daha qarışıqdır.
Qədim Çində olan əsas xarici siyasət doktrinalarından biri "Yiyijiyi" (以夷制夷) adlanırdı. Tərcüməsi: Barbarları idarə etmək üçün barbarlardan istifadə etmək. Amma göytürklər də tarixən çinliləri idarə etmək üçün çinlilərdən istifadə ediblər.
Bəxtiyar Vahabzadənin əsərindəki "İçgen xatun" əslində tarixi Şahzadə Yiçenq (義成公主 - Yiçenq Qonqju) şəxsinin prototipidir. Suy sülaləsi dövründə Yamı xaqanla evləndirilən bu şahzadə, onun ölümündən sonra hər 3 oğlu ilə də evlənib. Yamı xaqanın oğlu Şibi xaqan hakimiyyəti isə göytürklərin ən güclü dövrü olub.
Şibi xaqanın ilk istifadə etdiyi çinli Liu Vuçjou (劉武周) olub. 617-ci ildə Şibi xaqana tabe olan bu çinli qubernator Mayi şəhərinin hakimi idi. Şibi xaqan ona Dinqyanq xaqan titulu verir. Dinq (定) - sakitləşdirmək, yatırmaq mənasını verir. Yanq (楊) isə Suy sülaləsinin imperatorlarının soyadı idi. Yəni, "Suy sülaləsini yatıran xaqan". Xaqan ona qurd başlı tuğ verir və onu Çin imperatoru elan edir. Dinqyanq xaqan türk ordularını Çinə yürüşlərində bələdçilik edirdi. Amma görünür bir müddət sonra 622-ci ildə, Tan sülaləsinə sığınmaq istəyib. Buna görə də elə türklər tərəfindən öldürülmüşdü.
Bir digər çinli xaqan Lianq Şidu (梁師都, şəkildəki) idi. O da 617-də Şuofanq şəhərində üsyan qaldıraraq Şibi xaqana tabe olmuşdu. Özünü Lianq sülaləsinin imperatoru elan edən bu şəxsə də qurd başlı tuğ və ikili titul verilmişdi. Bu titulun biri tam türkcə idi: Tardu Bilgə xaqan (𐱃𐰺𐰑𐰆:𐰋𐰃𐰠𐰏𐰀:𐰴𐰍𐰣). Digər titulu isə türkcə titulun çincəyə tərcüməsi idi: Cieşi Tianzi (解事天子 - Bilgə imperator).
Lianq Şidu Dinqyanq xaqandan fərqli olaraq türklərə daha uzun müddət xidmət etdi. Şibi xaqanın ölümündən sonra qardaşı Çula xaqana yaxınlaşan Lianq Şidu ona Çinə ayağa qalxmağa imkan verilməməli olduğunu deyirdi. Çula xaqan da böyük bir ordu hazırlamışdı. Xaqanın ordusunda hər cürə adam olacaqdı - tatabı, şi, kitan, mohe (mançuların əcdadları) və çinlilər. Dou Ciande (竇建德) adlı başqa bir çinli üsyançı da onlara qoşulub şərqdən (indiki Pekin tərəflər), xaqanın qardaşı Bağatur Şad mərkəzdən (indiki Bayannur, Daxili Monqolustan) hücuma keçəcəkdi. Nipu şad və Lianq Şidu Yançjou tərəfə, Çula xaqan özü Tan sülaləsinin əsas bazası olan Taiyuan şəhərinə yürüş edəcəkdi. Şibinin oğlu Tölis xaqan qeyri-türk tayfalarla birlikdə Yuçjouya doğru yola çıxıb burada Dou Ciande ilə birləşəcəkdi. Lakin elə yürüşün ortasında xaqan ölür və planlar suya düşür. Yeni xaqan olan Bağatur Şad özünə İllig xaqan adını götürür.
Quo Jihe (郭子和) adlı başqa biri üsyançı türklərin dəstəyini almaq üçün qardaşını girov qoymuşdu. Şibi xaqan ona "Pinqyanq xaqan" titulunu təklif etdi. Pinq (平) və Dinq (定) eyni mənalı sözlərdir. Amma maraqlıdır ki, üsyançı bu təklifi qəbul etmir. Xaqan ona əvəzində Külşad (屋利設) titulu verir.
Bu şəxslərdən əlavə əlavə sırf türklərin dəstəyini almaq üçün özünə türk titulu götürənlər də var idi. Məsələn, Liu Ciçjen (劉季真) adlı biri özünə Tölis xaqan (突利可汗) yəni "Şərq xaqanı" titulu götürmüşdü. Amma türklər ona çox da dəstək vermədilər.
Adi kəndxuda olan Janq Çanqsun (張長遜) adlı bir şəxs belə bir vilayəti ələ keçirə bildiyi üçün ona türklər tərəfindən Geli Tigin (割利) titulu verilmişdi - yəni Usta şahzadə.
Bunlardan əlavə Dou Ciande, Vanq Şiçonq (王世充), Li Qui (李軌), Qao Kaidao (高開道), Şüe Cü (薛舉) adlı böyük üsyançılar hamısı Göytürklərin vassallığını qəbul etmişdilər. 621-ci ildə Li Çonqven adlı bir general (李仲文) İllig xaqana Tan sülaləsinə üsyan üçün iş birliyi təklif etmiş, İllig xaqan da ona Nanmian xaqan (南面可汗) yəni "Cənub cəbhəsinin xaqanı" titulunu təklif etmişdi.
Şibi xaqan Suy sülaləsinə qarşı bu üsyançılardan istifadə etdiyi halda, həm də Tan sülaləsinə qarşı Suy sülaləsinin şahzadələrindən istifadə edirdi. Yanq Çenqdao (楊政道) 618-ci ildə, atasının və babasının ölümündən sonra doğulmuşdu. Çini heç görməmişdi. Şahzadə Yiçenqin xahişi ilə Dou Ciande bu şahzadəni Göytürklərə aparmışdı və Çula xaqan ona Sui kralı (隋王) titulu versə də imperator kimi tanımaqdan imtina etmişdi. Hətta balaca kral üçün oyuncaq "Dövlət işləri departamenti" də yaratmışdılar.
Bu strategiya təkcə Şərqi Göytürk xaqanlığı dövründə yox, İkinci Göytürk xaqanlığı dövründə də olub. Qapağan xaqan Çin tərəfindən ona göndərilmiş Yan Çivey (閻知微) bir səfiri Nanmian xaqan (南面可汗) yəni "Cənub cəbhəsinin xaqanı" titulu adı ilə imperator elan edərək Çinə hücum etmişdi.
Başa düşürəm, ağlaşma qurmaq, qurban narrativi siyasi olaraq cəlbedicidir. Amma real tarix daha maraqlıdır.
Cavid Ağa
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru