25 noyabrda Bilgə xaqanın ölümündən 1291 il keçdi.
27-11-2025, 07:34

Bilgə xaqanın əsl adını Çin mənbələri saxlayıb: Mòjílián (默棘連). Lakin bu da həmin adın Çin dilinə transkripsiyasıdır. Əsl adını bilmirik. 682-ci ildə, böyük ehtimal atasının üçüncü övladı olaraq doğulub. Atası 691-ci ildə öləndə hələ 9 yaşı olduğu üçün taxta əmisi keçib. Əmisi dövründə "Tarduş şad" titulu verilib. Yəni, xaqanlığın qərb zonasının hakimi. O "Bilgə" olaraq ancaq taxta çıxandan sonra tanınmağa başladı. Bilgə titulunu ondan əvvəl bir çox Göytürk hökmdarı götürmüşdü.
Bilgə xaqan hakimiyyətə sakitcə gəlməmişdi. Əmisi Qapağan xaqan aprel-may aylarında Bayarqu tayfasının başçısı Secilüe (Xiézhìlüè - 頡質略) tərəfindən öldürüləndən sonra Qapağanın oğlu Bögü xaqan oldu. Xəbər 22 iyul 716-cı ildə Çin sarayına gəlib çatdı. Dövləti quran İltəriş xaqanın oğulları olan Bilgə və Kül Tegin isə kənarda qaldılar. Kül Tegin çox keçmədən öz əmisioğlu Bögünü qardaşları ilə birlikdə qılıncdan keçirdi. Kül Tigin daha sonra digər əmisi İletmiş Yabqunu da öldürdü. Amma onun oğullarını sağ qoydu. Əmisinin öldürülməsi böyük ehtimal onun da ailənin ən böyük üzvü kimi Qapağanı təqlid edərək taxta çıxmağının qarşısını almaq idi.
Bilgə xaqan Kül Teginin bu hərəkətindən sonra taxtı ona təqdim etsə də, Kül Tegin böyük qardaş kimi onu taxta çıxardı. Onların əslində özlərindən böyük iki qardaşı daha vardı - İnal və Bögü. Lakin onların taleyindən xəbərsizik. Onlar ya Qapağan xaqan dövründə ölmüşdülər, ya Qapağanın oğlu tərəfindən öldürülmüşdülər. Kül Teginin belə böyük bir qətliama əl atması haqda hətta Çin mənbələri də bir nöqtədə çox danışmaq istəmir. Bilgə xaqan özü də Kül Tegin abidəsində onun haqqında 716-cı ildən sonra danışmır.
Bilgə xaqanın hakimiyyətə gəldiyi vaxt qaynatası Tonyukuk hələ sistemin içində deyildi. Tonyukuk öz yazdırdığı abidədə təbliğat apararaq Qapağanı dəstəklədiyini etiraf etsə də, Qapağanı özünün hakimiyyətə gətirdiyini deyirdi. O həmçinin Bilgəyə xatırladırdı ki, onun qardaşı Bögü ilə də işləyib. Qısası, kürəkəninə deyirdi ki, mənə iş ver. Bu arzusuna da çatdı. Tonyukuk artıq 716-cı ilin oktyabrında Bilgə xaqana xidmət etməyə başlamışdı.
Qapağanın öldürülməsi həm də türklərlə Doqquz Oğuz və Doqquz Tatarlar arasında müharibəyə səbəb oldu. Bilgə xaqan onlara qarşı iki dəfə müharibə apardı. Bilgənin hakimiyyətdə güclənməsi həm də Çinə sığınmış türk tayfalarının qayıdışına səbəb oldu. Çinə üsyan edən Arslan və Ediz Sitay adlı tayfa başçıları noyabr-dekabr aylarında Bilgənin xidmətinə qayıtdılar. Bilgə xaqan, Kül Tegin və Tonyukuk növbəti illəri bu üsyançı tayfalara qarşı vuruşmaqla keçirdilər. Çin də üsyançılara maddi dəstək verirdi.
Bilgə xaqan təxmin edilənin əksinə, Çinlə çox vuruşmamışdı. Təkcə 720-ci ildə belə bir döyüş olmuşdu ki, 2 gün çəkmişdi. Bilgə xaqanın Çinlə nisbi sülhdə qalmasının səbəbi o idi ki, Tan sülaləsi imperatoru Şiençonq (Xuánzōng - 玄宗) onu çinli şahzadə həvəsi ilə aldadırdı. Bilgə xaqan 718-ci ildən 735-ci ilədək 30 dəfə Çinə səfir göndərib çinli qız istəmişdi. İmperator isə ona Çinə təslim olmağını təklif edirdi. Məsələn, imperator 1 sentyabr 724-cü ildə Bilgə xaqana cavab yazmışdı:
"Xaqan, sən ədaləti sevirsən və haqq-ədalət tərəfdarısan. Çin qızılına, ipəyinə və qadınlarına yüksək qiymət verirsən. Türk-Tan evliliyinə nail olmaqda israr edirsən. Lakin bilirsən ki, nikah bağlandıqdan sonra o, əbədi davam edəcək. Biz nikah müqaviləsinə əhəmiyyət verməliyik, yəni nişan hədiyyələri kafi olmalıdır. Mənə göndərdiyin elçi yüksək vəzifəli olmadığı və hədiyyələri yetərli olmadığı üçün onu razılığım olmadan geri göndərirəm. Əgər sədaqətindən yayınmadan bizimlə sülh münasibətlərini qoruya bilsən, gələcək istəklərini rədd etməyəcəyəm."
Növbəti il Çin imperatoru türkləri qonaqlığa çağırdı. Qonaqlıqda Tonyukuk və Kül Tegin, Bilgə xaqan və xatunu iştirak edirdi. Bilgə xaqan fürsətdən istifadə edib "it nəslindən gələn" tibetlilərin, kitanların, tatabıların çinli şahzadələrlə evləndiyini xatırlatdı. Yenə heç nə alınmadı.
Xaqan isə əl çəkmirdi. Təkcə 726-cı ildə 6 dəfə elçi göndərmişdi. Son göndərdiyi səfir 23 dekabr 726-cı ildə gəlmiş Buyruq Çor idi. İmperator Buyruq Çora "general" titulu verdi; ona bənövşəyi xalatlar və sədəflə bəzədilmiş qızıl kəmərlər verildi. Buyruq Çor 6 oktyabr 727-ci ildə bir daha məktubla gəldi. Məktubda Tibet imperatoru Tride Tsuktsenin Bilgə xaqana ittifaq təklif etdiyi qeyd edilirdi. İmperatorun təklifinə görə Tibet və Göytürk birləşib Çini işğal edəcəkdilər. Bilgə xaqan ümid edirdi ki, tibetlilərə xəyanət etməklə Çinli qızı alacaq. Yenə alınmadı. Çin imperatoru əvəzində bir neçə ticarət azadlığı verdi.
27 fevral 731-ci ildə Kül Tegin vəfat etdi. Bilgə xaqan bir daha elçilər göndərərək Kül Tegin abidəsi üçün çinli sənətkarlar istədi. Bu sənətkarlar abidəni hazırlamağa ancaq 732-ci ilin fevralı başladılar və 1 avqust 732-ci ildə bitirdilər. Bilgə xaqan bu abidəyə öz sözlərini 20 günə yazdırıb bitirdi. Bilgə xaqan görünür bu vaxt Buyruq Çordan şübhələnməyə başlamışdı. Çünki Kül Tegin abidəsinin şərq üzündə elə üçüncü cümlədə "Qədimdə buyruqlar müdrik və cəsur idilər" deyərək öz naziri Buyruq Çoru tənqid edirdi.
Bilgə xaqan görünür artıq Çinlə sülh tonunda danışmaqdan bezmişdi. 24 aprel 733-cü ildə tatabıların üsyanından istifadə edən Bilgə xaqan onlara köməyə gələn Çin ordusuna Töngkər dağında qalib gəlir və 6000 çinli əsgəri birlikdə edam edir. Bilgə xaqan öz abidəsinə bu qələbəni bir az şişirdilmiş halda - 30000 əsgər formasında yazır. Hətta onların sərkərdə Quo Yinqcie (Guō Yīngjié - 郭英傑) Bilgə xaqanın erkən vəfat edən oğlu üçün qurban edilərək balbala çevrilir.
1 may 734-cü ildə Çin sarayına Türklərdən bir səfir daha gəlir. Bilgə xaqan bir daha imperatordan çinli şahzadə istəyir. Hətta Taman Tarxan adlı bir xidmətçini toy hazırlıqlarını həll etməyə göndərir. İmperator evlilik istəyinə heç cavab belə vermir. Avqust-oktyabr aylarında yazdığı məktubunda quru dostluqdan danışır.
Bu məktub yazılanda isə Bilgə xaqan artıq öz naziri, keçmiş səfir Buyruq Çor tərəfindən zəhərlənmişdi. Bilgə xaqan zəhərləndiyinin fərqinə varanda Buyruq Çor həbs edilmiş, təkcə özü yox, bütün ailəsi qılıncdan keçirilmişdi. Lakin zəhər artıq təsir etmişdi və Bilgə xaqan öləcəyini bilirdi. Ona görə öz abidəsinin cənub tərəfinə son sözlərini əlavə etdi:
"𐰢𐰤: 𐱃𐰆𐰴𐰕: 𐰘𐰏𐰼𐰢𐰃: 𐰘𐰃𐰞: 𐱁𐰑: 𐰆𐰞𐰺𐱃𐰢: 𐱃𐰸𐰆𐰕: 𐰘𐰃𐰏𐰼𐰢𐰃: 𐰘𐰃𐰞: 𐰴𐰍𐰣: 𐰆𐰞𐰺𐱃𐰢: 𐰃𐰠: 𐱃𐰆𐱃𐰑𐰢: 𐰆𐱃𐰕: 𐰺𐱃𐰸𐰃: 𐰋𐰃𐰼----: 𐱅𐰇𐰼𐰰𐰢𐰀: 𐰉𐰆𐰑𐰣𐰢𐰀: 𐰘𐰏𐰤: 𐰨𐰀: 𐰴𐰕𐰍𐰣𐰆: 𐰋𐰃𐰼𐱅𐰢:"
(Men tokuz yégirmi yıl şad olurtum. Tokuz yégirmi yıl kağan olurtum. él tutdum. otuz artukı bir … … Türküme bodunuma yégin ança kazğanu bértim. )
"On doqquz il şad vəzifəsini tutdum. On doqquz il xaqan vəzifəsini tutdum. Ölkəni idarə etdim. Otuz bir il... Türk xalqım və təbəələrim üçün ən yaxşı şeylər olsun deyə çalışdım."
25 noyabr 734-cü ildə Bilgə xaqan vəfat etdi. Ölüm xəbəri 1 yanvar 735-ci ildə çatdı və Çində 3 gün matəm elan edildi. Bilgə xaqanın yas mərasimi 22 iyun 735-ci ildə keçirildi. Mərasim zamanı oğlu Tengri Teg Tengride Bolmış Bilgə Xaqan tərəfindən əmisioğlu Yolluq Teginə bu sözlər yazdırıldı:
"𐰉𐰆𐰨𐰀: 𐰴𐰕𐰍𐰣𐰯: 𐰴𐰭𐰢: 𐰴𐰍𐰣: 𐰃𐱃: 𐰘𐰃𐰞: 𐰆𐰣𐰨: 𐰖: 𐰞𐱃𐰃: 𐰆𐱃𐰕𐰴𐰀: 𐰆𐰲𐰀: 𐰉𐰺𐰑𐰃: 𐰞𐰍𐰕𐰃𐰤: 𐰘𐰃𐰞: 𐰋𐰃𐰾𐰨: 𐰖: 𐰘𐰃𐱅𐰃: 𐰆𐱃𐰕𐰴𐰀: 𐰖𐰆𐰍: 𐰼𐱅𐰇𐰼𐱅𐰢: 𐰉𐰆𐰴𐰍: 𐱃𐰆𐱃𐰸: ----: 𐰴𐰭𐰃: 𐰠𐰃𐰾𐰇𐰤: 𐱃𐰖: 𐰾𐰭𐰇𐰤: 𐰉𐱁𐰑𐰆: 𐰋𐰃𐰾: 𐰘𐰇𐰕: 𐰼𐰤: 𐰚𐰠𐱅𐰃: 𐰸𐰆𐰴𐰞𐰴: 𐰇----: 𐰞𐱃𐰆𐰣: 𐰚𐰇𐰢𐰾: 𐰚𐰼𐰏𐰚𐰾𐰕: 𐰚𐰠𐰇𐰼𐱅𐰃: 𐰖𐰆𐰍: 𐰘𐰯𐰺𐰃𐰍: 𐰚𐰠𐰇𐰼𐰯: 𐱅𐰃𐰚𐰀: 𐰋𐰃𐰼𐱅𐰃: 𐰲𐰃𐰦𐰣: 𐰃𐰍𐰲: 𐰚𐰠𐰇𐰼𐰯: 𐰇𐰕: 𐰖𐰺𐱁----: 𐰉𐰆𐰨𐰀: 𐰉𐰆𐰑𐰣: 𐰽𐰲𐰃𐰤: 𐰸𐰆𐰞𐰴𐰴𐰃𐰤: 𐰖----: 𐰉𐰃𐰲𐰑𐰃: 𐰓𐰏𐰇: 𐰇𐰕𐰠𐰚: 𐱃𐰃𐰤: 𐰴𐰺𐰀: 𐰚𐰃𐰾𐰃𐰤: 𐰚𐰇𐰚: 𐱅𐰘𐰭𐰃𐰤: 𐰽𐰣𐰽𐰕: 𐰚𐰠𐰇𐰼𐰯: 𐰸𐰆𐰯: 𐰸𐰆𐱃𐰃"
(Bunça kazğanıp kaŋım kağan ıt yıl onunç ay altı otuzka uça bardı. Lağzın yıl béşinç ay yéti otuzka yoğ értürtüm. Bukuğ tutuk … Manqa lisün tay sengün başadu béş yüz eren kelti. Kokılık ö … altun kümüş kergeksiz kelürti. Yoğ yıparığ kelürüp tike bérti. Çıntan ığaç kelürüp öz yar … Bunça bodun saçın kulkakın bıçdı. Edgü özlük atın kara kişin kök teyiŋin sansız kelürüp kop kottı)
"Atam, xaqan, belə zəhmət çəkərək, it ilinin 10-cu ayının 26-cı günündə vəfat etdi. Dəfn mərasimi donuz ilinin 5-ci ayının 27-ci günündə təşkil edildi. Bukuğ Tutuk... Böyük General Lisunun rəhbərliyi ilə 500 nəfər yanıma gəldi. Onlar saysız-hesabsız qızıl və gümüş... ətir gətirdilər. Dəfn buxurunu gətirib düzəltdilər. Səndəl ağacı gətirdilər... Çox adam saçlarını kəsdi və qulaqlarını qanatdı. [Yas tutanların] gətirdiyi yüksək cins atlar, qara samurlar, boz dələlər və saysız-hesabsız [dəfn əşyaları] hamısı qurban edildi."
Cavid Ağa
TEREF

