"Çağatayların Özbək zülmündən Şah İsmayıla sığınması və Çağatay ədəbiyyatının himayədarlıq altına alınması"
8-12-2025, 15:55

Maraqlıdır, qızılbaşları ifrat məzhəbçilikdə, Şah İsmayılı qırğınlar törətməkdə ittiham edənlər buna nə deyəcəklər.
Necə olur ki, bu cür insan tam əksi olaraq sünni əqidədə olan bir çoxlarını özünə cəlb edib, himayədarlıq edib və bir çox ünlü insanlar onun xidmətində durmuşlar. Axı bu məntiqə ziddir, deyilmi?
Siz etnik və ya dini zəmində kütləvi qətl edən, müqəddəslərinizi təhqir edən dövlət başçısının xidmətinə gedərdiniz?
Prof dr. Faruk Sümer "Safevi Devletinin Kuruluşu ve Gelişmesinde Anadolu Türklerinin Rolü" adlı əsərində yazır:
«Məlum olduğu kimi, Qızılbaş Türk zadəganları arasında elmi və ədəbi mədəniyyətə malik əmirlərin sayı az deyildi. Onlar da əksər Osmanlı, Çağatay, Özbək əmirləri və ziyalıları kimi hər iki ədəbiyyata, yəni Türk və fars ədəbiyyatına bələd idilər. Xüsusən də Əli Şir Nəvainin əsərləri ilə Ağqoyunlu dövründə başlayan Çağatay ədəbiyyatının təsiri, Xorasandakı Çağatay dövlətinə Özbəklər tərəfindən son verilməsi nəticəsində, sayısı az olmayan Çağatay xalqının və başçıları [sonuncu Teymuri Sultanı] Bədiüzzaman Mirzənin Şah İsmayıla sığınması və Şah İsmayılın Xorasanı fəth etməsi, Çağatay ədəbi ənənəsi, siyasi və hərbi ənənələr kimi Qızılbaş Türkləri arasında qüvvətli şəkildə kök salmışdır.
Bununla bərabər Səfəvi dövrü Türk aydınları (tarixçi və ya bilgələr) Türkiyədəki ədəbi fəaliyyətdən də xəbərsiz deyildilər. Onlar Türkiyədə yazılmış ədəbi və tarixi əsərləri də oxuyurdular.»
P.S. Bütün bunlar onu göstərir ki, Şah İsmayıl özü və onun qurduğu dövlət ayrımcı yox, birləşdirici xüsusiyyət daşıyırdı.
Bir daha xatırladaq:
1. Şah İsmayılın vəziri: Əmir Şəmsəddin Məhəmməd Zəkəriyya Keçəçi. Ağqoyunlu vəziri kimi fəaliyyət göstərmişdir. 1501-ci Şah İsmayılın tərəfinə keçərək onu Əlvəndə hücum etməyə təşviq etmişdi. Təbrizin alınmasından sonra Səfəvilər dövlətinin ilk vəziri təyin olunmuşdur və "Azərbaycanın açarı" ləqəbini almışdı.
2. Səfəvilər saray kitabxanasının rəisi - Kəmaləddin Behzad. 1510-cu ildə, yəni Şeybani xanın ölümündən sonra məşhur rəssam Təbrizə gələrək, Şah İsmayılın sarayına daxil olmuşdu.
Şah qəddar antisünni olsaydı bu şəxslər niyə onun yanında idilər?
Vahid İbayev
Milli Kimlik

