Türk törəsində ən ağır pozuntu dövlətə, milli dəyərlərə və el birliyinə qarşı xəyanət sayılırdı.

11-12-2025, 08:04           
Türk törəsində ən ağır pozuntu dövlətə, milli dəyərlərə və el birliyinə qarşı xəyanət sayılırdı.
Türk törəsi minillər boyunca türk cəmiyyətinin hüquqi, sosial və mənəvi nizamını müəyyənləşdirən ən əhatəli norma sistemi kimi fəaliyyət göstərmişdir. Törənin elə bir gücü var idi ki, dövlətin başçısı belə ona boyun əyirdi. Hazırda "şah qanun deyil, qanun şahdır " deyimi türklərdə nəinki dövlət quruculuğunda, hətta ondan ən qədim dövrləri əhatə edən boylarda (tayfa) da pozulmaz qanun idi. Türk boyunun bəyi də törəyə tabe idi. Törə, yalnız qanunların toplamı deyil, həm də dövlət idarəçiliyinin, ailə münasibətlərinin, ictimai davranışların və fərdi əxlaqın əsas çərçivəsini formalaşdıran bir mədəni institutdur. Türk toplumlarında törəyə zidd sayılan hallar həm hüquqi, həm də mənəvi pozuntu kimi dəyərləndirilmiş, belə davranışların qarşısı sərt cəzalar və sosial təcrid vasitəsilə alınmışdır.
Türk törəsində ən ağır pozuntu dövlətə, milli dəyərlərə və el birliyinə qarşı xəyanət sayılırdı. Dövlətin bütövlüyünü sarsıdan, boy və ya ordu birliyini zəiflədən hərəkətlər “eli pozmaq” kimi qiymətləndirilir və cəmiyyətin varlığına yönəlmiş təhlükə kimi dəyərləndirilirdi. Andın pozulması, verilmiş sözə xəyanət edilməsi də törə çərçivəsində ciddi yasaq hesab edilirdi, çünki türk düşüncəsində söz müqəddəs sayılır, insanın şərəfi onun sözünə sədaqəti ilə ölçülürdü. Ona görə də " Türkün sözü qanundur" deyimi formalaşmışdı.
Qonaqpərvərlik də törənin əsas sütunlarından biri idi. Qonağa hörmətsizlik etmək, onun təhlükəsizliyini və ehtiyaclarını gözardı etmək yalnız sosial norma pozuntusu deyil, mənəvi xəyanət kimi qəbul olunurdu. Türk toplumlarının hərbi-siyasi şərtləri qonaq hüququnun qorunmasını xüsusi zərurətə çevirirdi və buna görə belə pozuntular ağır biabırçılıq kimi qeydə alınırdı. Qapına gələn düşmən də olsa, ona sayğı göstərmək vacib idi. Əlbəttə ki, burada qapıya gələn düşmənə sayğı göstərmək ifadəsi çətin durumda olan birinin düşmən olsa belə, o anda yardım istəməsi üçün gəldiyi an nəzərdə tutulurdu.
Ailə institutunun qorunması, namusun və iffətin təmizliyi törədə xüsusi yer tuturdu. Ailədaxili xəyanət, zorakılıq və ya ailə şərəfini ləkələyən hər hansı davranış törənin pozulması kimi dəyərləndirilir və yalnız fərdi deyil, tayfa səviyyəsində hörmət itkisinə səbəb olurdu. Bununla əlaqədar olaraq əmanətə xəyanət də ciddi yasaq kimi qəbul edilirdi; çünki əmanət insan, mal və ya sirr olsun , türklərdə güvən münasibətinin və sosial bağların əsasını təşkil edirdi. Digər bir maraqlı məsələ də odur ki, ailədə namus xəyanəti məsələsində xəyanət edənin qadın və ya kişi olmasına fərq qoyulmurdu, hər ikisnə cəza verilirdi. Bir kişi evli olduğu halda başqa xanımla münasibət qururdusa və ya subay olsa da, evli bir xanımla münasibətdə olduğu üzə çıxırdısa, hətta ölüm cəzası belə olurdu.
Eyni zamanda müdafiəsiz insana, yetimə, dul qadına, qocaya və ya ehtiyacı olana qarşı zorakılıq törəyə ən açıq ziddiyyətlərdən biri hesab edilirdi. Türk cəmiyyətində güclünün zəifi qoruması əxlaqi öhdəlik idi və bundan imtina birbaşa mənəvi pozuntu sayılırdı.
Əcdada hörmətsizlik, soy bağını inkar etmək və ya ata-ananın haqqını tapdalamaq da törədə ciddi qadağalar sırasında idi. Türk mədəniyyətində nəsil yaddaşı müqəddəs sayıldığından bu tip davranışlar həm mənəvi, həm də sosial cəhətdən qəbulolunmaz idi. Bundan başqa, doğaya ( təbiətə) ziyan vurmaq kimi hallar da törənin ruhuna zidd hesab olunurdu. Bu, təbiət kultunun və qədim türklərin kosmoqonik dünyagörüşünün törə qaydaları ilə sıx bağlı olduğunu göstərir.
Bu çərçivədə türk törəsi həm hüquqi, həm sosial, həm də mənəvi funksiyalar daşıyan kompleks sistem kimi çıxış edir. Törəyə zidd sayılan hallar yalnız fərdin davranış problemləri kimi deyil, bütövlükdə toplum nizamını pozan amillər kimi qəbul edilirdi. Bu səbəbdən törənin qorunması türklərin ictimai strukturunun, dövlətçilik ənənəsinin və mədəni kimliyinin davamlılığında əsas meyar olmuşdur.
M.Afət
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]