Altmış il əvvəl
15-12-2025, 16:44

Bu, 1966-cı ildə Türkiyədə məmur olmaq üşün orta məktəb məzunlarının “Lise və Eşitlik Tanıyan Okullar Bitirenler Memuriyet Yarışma Sınavı” adlı imtahan suallarıdır.
Sənəd öz dövrününü intellektual səviyyəsini və təhsil fəlsəfəsini çox gözəl əks etdirir.
Bu sənədi paylaşarkən onun pedaqoqlar, təhsil sistemində çalışanlar və xüsusilə də Təhsil nazirliyi tərəfindən incələnməsini arzu edirəm. İmtahan suallarını mənim necə gördüyümü, bu haqda hansı qənaətə gəldiyimi yazmaq istəyirəm.
Çoxlarınız bilirsiniz ki, mən təhsil üzrə mütəxəssis deyiləm, özümü heç bir sahədə, ələxsus da təhsil üzrə ekspert saymıram. Bu baxımdan da aşağıda yazılanları müəllim ailəsində doğulmuş, özü də bir müddət müəllimlik etmiş, zaman-zaman təhsil haqqında müəyyən qeydlər yazmış bir nəfərin sərbəst improvizasiyasıdır…
Beləliklə, 11 yanvar 1966-ci il tarixli imtahan suallarını mən necə analiz etdim və bəzi mühüm məqamlar haqda nə düşündüm:
1. Sual tipləri – biliyin ölçülməsi yox, düşünmənin ölçülməsi
Sualların həm riyazi məntiq, həm təfəkkür, həm də ifadə bacarığını ölçmək üçün hazırlanıb.
İndiki test üsulundan fərqli olaraq burada “doğru cavabı tap” deyil, “düşünərək həll et və ifadə et” yanaşması var.
Riyaziyyat sualları gündəlik həyatdan seçilib: torbada qalan ceviz, divar ustası, faiz, satış, iş bölgüsü və s. Bu, biliklə təcrübəni birləşdirmə baxımından önəmlidir. Yəni “riyaziyyatı bilmək” deyil, “riyaziyyatı həyatda istifadə etmək” qabiliyyəti yoxlanılır.
2. Kompozisiya (inşa) sualı – şəxsiyyətin göstəricisi
“Yardım edən və edilənə nə kimi duygular vardır?”…
Bu təkcə dil sualı deyil, etik və empatik düşünmə testidir.
Bu sual imtahan verənin həm dil duyumunu, həm duyğu dərinliyini, həm də insan münasibətlərinə baxışını göstərir. Yəni bu, bir növ imtahan verənin daxili dünyasını ölçən sualdır.
İndiki dövrdə imtahanlarda bu cür “ruhu olan” suallar varmı?
3. Dövrün təhsil fəlsəfəsi
1960-lar Türkiyəsi Cumhuriyyətin düşüncə tərzinin ən “maarifpərvər” dövrüdür. Burada hədəf yaddaşı güclü məmur, dövlət qulluqçusu yox, mədəni, düşünən, sosial məsuliyyətli və riyazi düşüncəyə malik vətəndaş yetişdirmək idi.
Yazıda “müsvedde kâğıdı (bir tərəfi yazılı, ikinci əl istifadə kağızı) kullanılmayacak, yazı və ifadeye not verilecektir” qeydinin olması da bunu göstərir.
İmtahan yazını, ifadəni, düşüncənin təmkinini ölçəcək.
4. Müasir imtahanlarla müqayisə
Test əsaslı imtahanlarda insanın nə hiss etdiyi, necə düşündüyü və nə ifadə etdiyi önəm daşımır. Ancaq bu imtahan sualları göstərir ki, biliklə bərabər xarakter və zövq də ölçülürmüş. Bu, “təhsil sisteminin humanist və maarifçi yönü”nün canlı sübutudur.
5. Nəticə
Bu sənəd təkcə bir imtahan nümunəsi deyil, bir dövrün intellektual portretidir.
O dövrdə “dövlət qulluqçusu” olmaq mədəni bir status idi.
Bu səbəbdən də sualların ruhu belədir: “İnsansan, bilirsən və hiss edirsənmi?”.
Bu üç sualı bir yerdə soruşa bilən sistem isə artıq maarif sistemidir.
https://t.me/ibrahim_nebioglu
TEREF

