"Kürə qovuşan ömür"
30-11-2025, 12:25

"Dəli Kür"ün ağası, özü rus hakimiyyətinə, övladları bolşeviklərə qarşı mübarizə aparmış Cahandar ağa barədə maraqlı faktlar: Cahandar Ağa çar ordusunun mayoru Yusif Ağanın oğlu olub. O, təbiətən çılğınlığına, zəhminə görə seçilib. Sözünün, atının, tüfənginin qabağında duran olmayıb. Qazax mahalında xüsusi hörmətə sahib olub. Yazıçı İsmayıl Şıxlı Cahandar ağanın nəvəsi olub - qızı Minənin oğul övladı. “Dəli Kür”də Cahandar ağanın qızı Salatın əslində İsmayıl Şıxlının anası Minə xanımdır. Lakin yazıçı babasını sağlığında görməyib. İsmayıl Şıxlı babasını ancaq təsvirlər vasitəsilə canlandırıb, anasının söylədiklərini əsas götürüb.
Elçin Şıxlı: “Cahandar ağa ucaboy, cüssəli, çiyinləri enli, qarabuğdayı kişi olub”.
Cahandar ağanın nəvəsi Nəzifə Şıxlınski: Bir zamanlar Birinci və İkinci Şıxlı arasında bir kənd yerləşib. Bir gün naçalnikə at lazım olur. Gənc Cahandar ağa ona yəhənsiz, yüyənsiz, dilboz cinsli gözəl at verir. Naçalnik ona deyir: “Cahandar, bu gündən bu kəndi, ona ağalığı sənə verirəm. Kənd həmin gündən ağalıq adlanır, Cahandar ağa isə oranın ağası. O, zəhmli adam olub, qəzəblənəndə bığlarını çeynəyərmiş. Beş oğlu olub: Şəmistan, Daniyel, Şəmiddin, Qiyas və Hasanağa. Qiyas uzun illər Gəncədə, Gədəbəydə pristav olub”.
Cahandar ağa 3 oğlunu Qori seminariyasında oxutdurub. O, romanda və filmdəkindən fərqli olaraq öz əcəli ilə ölüb, kiminsə tərəfindən öldürülməyib. “Dəli Kür”dəki Şahnigar əslində Cahandar ağanın bacısı olmayıb. Cahandar ağanın birinci arvadı ağa qızı idi - Müğəddəssə xanım.
Ağanın “Dəli Kür”də qaçırdığı gözəl qadının adı Mələk idi, amma qadının real həyatdakı adı Güllü olub. Güllü kasıb ailədən idi. Qadın tez-tez Cahandar ağanın evinə çörək, ərzaq almağa gəlirmiş. O, yaraşıqlı, hündürboy qadın olub və Cahandar ağanın xoşuna gəlib. Buna görə də Cahandar ağa onu qaçırmaq istəyib. Belə olduqda ağanın birinci arvadı Müğəddəssə ona deyir: “Ay Cahandar, camaat qız qaçıranda sənin evinə gətirir ki, əlindən almasınlar. Sən qadını hara qaçırırsan? Qadını evə gətir”. Bundan sonra Cahandar ağa ikinci arvadını da evinə gətirir.
Cahandar rus hakimiyyətinə kin bəsləyirdi. Bu, əsərdə açıq deyilməsə də, real həyatda olub. Səbəb bu idi - nəslin görkəmli nümayəndəsi Mustafa ağa Arif 1819-cu ildə Qafqaz canişini Yermolovun birbaşa göstərişi ilə Rusiya quberniyalarından birinə sürgün olunur və sürgündə ölür.
Cahandar ağanın rus hakimiyyətinə qarşı düşmənliyinin ikinci səbəbi də meşə münaqişəsi idi. Ağanın və qohumlarının Kür boyunda uzanan Qarayazı meşələrindı binələri, təsərrüfatları, bağları vardı. Meşələr Qazax camaatının əlindən alınır və böyük knyazın ov yerinə çevrilir. Buna görə də, onlarla ruslarla arasında düşmənçilik başlayır.
“Dəli Kür”də təsvir olunan Qarayazı meşəsi, Kürün o tayındakı cələlər, Göytəpə kəndinin məişəti İsmayıl Şıxlının gördüklərinin inikasıdır. Yazıçı romanda canlandırdığı hadisələri isə böyüklərdən eşitmişdi. Bu faktlarda Şıxlinskilərlə çar Rusiyasının düşmənçiliyi qabardılır.
Qəribədir ki, Cahandar ağanın övladları da bolşeviklərə düşmən kəsilmişdilər. Ağanın oğlu Şəmiddin bəy bolşeviklər tərəfindən güllələnib, digər iki oğlu – Qiyas bəy və Hasan ağa antisovet üsyanına qatılır, 30-cu illərdə SSRİ-dən mühacirət etməyə məcbur olurlar.
"Kürə qovuşan ömür" filmi, Kinobiz.

