Məşhur türkoloqlar. Nikolay Poppe
Bu gün, 10:04

Nikolay (Nikolas) Nikolayeviç Poppe 1897-ci ildə Çin imperiyasına aid Çefu (Yantai) şəhərində anadan olub. Atası Nikolay Poppe Çində Rusiya diplomatik xidmətində konsulluq işçisi idi.
1921-ci ildə Petroqrad Universitetinin Sosial Elmlər Fakültəsinin Monqol şöbəsini bitirib. Müəllimləri arasında A. D. Rudnev, V. L. Kotviç, A. N. Samoyloviç, S. E. Malov, A. V. Burdukov və Poppenin əsas müəllimi B. Y. Vladimirtsov olub. Hələ tələbə ikən Canlı Şərq Dilləri İnstitutunda dərs deyib; Coğrafiya İnstitutunda laboratoriya müdiri işləyib və orada L. Ya. Sternberqin rəhbərliyi altında təhsil alıb.
1928-ci ildə professor adını alıb; 1932-ci ildə SSRİ Elmlər Akademiyasının müxbir üzvü seçilib.1930-cu illərdə o, Sovet monqolşünaslığının tanınmış lideri idi. 1924-1941-ci illər arasında o, 27 kitab, 157 elmi məqalə dərc etdirib.
1926-cı ildən 1932-ci ilə qədər o, ardıcıl yeddi il monqol ekspedisiyalarına gedib. 1937-ci ildə Poppe NKVD tərəfindən Çuvaş burjua millətçiləri ilə əlaqələrinə görə araşdırılıb.
Sovet-Fin müharibəsində (1939–1940) iştirak edib. 1942-ci ildə Poppe işğal olunmuş Qaraçayevskdə (o vaxtkı Mikoyan şəhər adlanırdı) idi və könüllü olaraq alman işğalçıları ilə əməkdaşlıq edib. 1943-cü ildə ailəsi ilə birlikdə Almaniyaya gedib və orada Üçüncü Reyxin informasiya agentliklərində işləyib. 1949-cu ildə Amerika vizası alıb və bundan sonra Vaşinqtonun Sietl şəhərinə köçüb. 1957-1977-ci illər arasında rəyləri saymadan 18 kitab və 100-dən çox məqalə nəşr etdirib. 1978-ci ildən bəri Britaniya Akademiyasının müxbir üzvü olub. 8 iyun 1991-ci ildə ABŞ-ın Sietl şəhərində vəfat edib.
Poppe monqol dilində səlis danışır və monqol şifahi ədəbiyyatını yaxşı bilirdi. Onun tədqiqatları Altay dil ailəsinə, xüsusən də Xalxa-Monqol və Buryat dillərinə, eləcə də bu və əlaqəli dillərin folkloruna yönəlmişdi. O, Xalxa-monqol, buryat və yakut ləhcələrinin həm yazılı, həm də şifahi qrammatikaları üzrə dərsliklər yazırdı.
Monqolustana ekspedisiyalarından birində o, az tanınan Daqur dili haqqında məlumat verib (N. N. Poppedən əvvəl onun monqol və ya tunqus-mancur dili olduğu belə aydın deyildi). Bu, monqolşünaslıqda bu dilin ilk monoqrafik təsviri ilə nəticələnib. O, 14-cü əsrdə Orta Asiyada tərtib edilmiş dörddilli ərəb-fars-türk-monqol lüğəti "Müqəddimət əl-ədəb"in monqol hissəsini araşdırıb. Lüğətin əlyazması Buxara əmirinin kitabxanasında görkəmli özbək alimi və yazıçısı Fitrət tərəfindən aşkar edilib. N. N. Poppenin göstərdiyi kimi, "Müqəddimət əl-ədəb lüğətinin linqvistik materialı XIII-XIV əsrlərin gündəlik nitqinin çox tipik nümunəsidir"; müasir dillər arasında Əfqan moğollarının dilinə ən yaxındır.
İlk dəfə N. N. Poppe tərəfindən elmi dövriyyəyə daxil edilmiş lüğət XIII-XIV əsrlərdə Orta Asiya monqollarının dili haqqında ən geniş məlumat mənbəyidir. 1930-cu illərdə N. N. Poppe orta əsr yazılı monqol dillərinin fonologiyası və qrammatikasının iki fundamental təsvirini hazırlayıb.
Onun monqol şifahi ədəbiyyatı ilə bağlı nəşrlərinə on bir cildlik monqol dastanları, monqol atalar sözləri, mahnıları və nağılları topluları və sanskrit əsərlərinin monqol versiyaları daxildir.
1949-cu ildən sonra Poppe doğma rus dilindən əlavə, əsasən alman və ingilis dillərində yazıb. İstifadə etdiyi dildən asılı olmayaraq, yazıları sadəliyi və aydınlığı ilə
diqqət çəkirdi.
Poppe olduqca məhsuldar bir alim idi. 1924-cü ildən 1987-ci ilə qədər nəşrlərinin biblioqrafiyasına Altay dillərinin, monqol və tunqus dilləri və folkloru üzrə 284 kitab və məqalə daxildir və o, həmçinin 205 rəy yazıb. 1949-1968-ci illər arasında - Vaşinqton Dövlət Universitetində həftədə 16-17 saat dərs dediyi bir dövrdə - o, cəmi üç yay ayı ərzində (fasiləsiz tədqiqat dövrü) 40-dan çox kitab da daxil olmaqla 217 əsər yazıb.
Akademik V. M. Alpatov qeyd edir: "Poppe ömrünün son illərində ABŞ-da nəşr olunan xatirələrində Sovet rejimini kəskin tənqid edir və Hitlerə keçməkdə özünü haqlı çıxarır”. ABŞ-da Poppe ilə tanış olan görkəmli türkoloq və monqol alimi D. Sinor onun haqqında deyirdi: "O, heç vaxt "yox" deməyi bilməyən bir insan idi”. Poppe nə kommunist, nə antikommunist, nə faşist, nə də antifaşist idi. O, 20-ci əsrin ən böyük monqol alimi sayılır.
Vasif Sadiqli
TEREF

