"Uzun müddət sosial mediada vaxt keçirmək yeniyetmələrdə “brainrot” kimi tanınan davranış dəyişikliklərinə səbəb ola bilir" - Psixoloq
12-12-2025, 12:18

Gündəlik həyatında sosial media başlıca vaxt sərf olunan məkana çevriləndə, yeniyetmələrin davranışlarında və düşünmə tərzində ciddi dəyişikliklər özünü göstərməyə başlayır. Mütəxəssislər bu halı tez-tez “beyin çürüməsi” (brainrot) kimi təsvir edir və xüsusilə uzun müddət onlayn qalan gənclərdə diqqət problemlərindən emosional həssaslığa qədər müxtəlif əlamətlərlə müşahidə olunduğunu bildirirlər. Bu tendensiya artıq ailələrin, müəllimlərin və psixoloqların əsas narahatlıq mövzularından birinə çevrilib.
Uzun müddət sosial mediada vaxt keçirən yeniyetmələrdə hansı psixoloji və davranış dəyişiklikləri yaranır və bunun qarşısını almaq üçün valideynlər və məktəblər hansı addımları ata bilər?
Bu barədə psixoloq Nizami Orucov Patrul.az-a açıqlamasında bildirib ki, uzun müddət sosial mediaya məruz qalan yeniyetmələrdə diqqət zəifləməsi, emosional qeyri-stabilik və səbrsizlik kimi “brainrot” əlamətləri müşahidə oluna bilər:
“Uzun müddət sosial mediada vaxt keçirmək yeniyetmələrdə son illərdə “brainrot” kimi tanınan psixoloji və davranış dəyişikliklərinə səbəb ola bilir. Bu, əslində beynin informasiya ilə həddindən artıq stimullaşması nəticəsində diqqətin zəifləməsi, motivasiyanın düşməsi və emosional qeyri sabitliyin artması ilə əlaqədardır.
Yeniyetmələr davamlı olaraq sürətli videolar və qısa məlumat axınına öyrəşdikdə, adi dərslərə və ya uzunmüddətli fəaliyyətlərə fokuslanmaq çətinləşir. Bir çoxu real həyatda daha səbrsiz, tez bezən və ani dopamin istəyən davranışlar göstərir. Sosial müqayisə də artdığı üçün özünə dəyər hissi zəifləyə, aqressiya və ya apatiya kimi reaksiyalar ortaya çıxa bilər”.
Psixoloqun sözlərinə görə, valideynlər və məktəblər sosial mediada balansı öyrətmək üçün birlikdə çalışmalıdır:
“Bunun qarşısını almaq üçün həm valideynlər, həm də məktəb birlikdə çalışmalıdır. Valideynlər ekran vaxtını tədricən məhdudlaşdırmalı, evdə daha çox real ünsiyyət, oyun və hərəkət tələb edən fəaliyyətlər yaratmalıdırlar. Yeniyetmənin sosial mediadan tam ayrılması yox, balansı öyrənməsi daha vacibdir. Məktəblər isə rəqəmsal savadlılıq mövzularını dərslərə daxil etməli, uşaqlara sosial medianın psixoloji təsirlərini başa salmalı və alternativ maraq sahələri yaratmalıdırlar. Həmçinin müəllimlər üzərindən “modeling”, yəni sağlam texnologiya istifadəsinin nümunəsini göstərmək də çox təsirli ola bilər”.

