Kosmosda qəza, həyatla mübarizə

2-03-2026, 17:54           
Kosmosda qəza, həyatla mübarizə
1970-ci il 11 aprel günü Apollon 13 missiyası Ay uçuşuna başladı. NASA artıq iki dəfə insanı Ay səthinə endirmişdi. Amma üçüncü uçuş fərqli oldu
Uçuşun 3-cü günündə, Yer ilə Ay arasında təxminən 300 min kilometr məsafədə olarkən anidən güclü sarsıntı hiss olundu. Sanki gəmini kimsə kənardan vurmuşdu. İşıqlar titrədi, xəbərdarlıq siqnalları yandı və göstəricilər sürətlə düşməyə başladı. Oksigen təzyiqi azalır, elektrik istehsalı zəifləyirdi. Həmin anda Swigert Yerə o məşhur mesajı ötürdü: “Houston, we’ve had a problem” - yəni “Hyuston, problemimiz var.”
Bir neçə dəqiqə içində vəziyyət ağırlaşdı. Partlayış oksigen çənlərindən birini dağıtmış, digərində də sızma yaratmışdı. Oksigen isə təkcə nəfəs almaq üçün deyil, həm də elektrik enerjisi istehsal edən sistemlər üçün vacib idi. Oksigen itdikcə enerji də itirdi. Bir-bir cihazlar sönməyə başladı. Komanda modulu qaranlığa qərq olurdu. Bu halda Ay enişini davam etdirmək mümkün deyildi. Missiya rəhbərliyi dərhal qərar verdi: eniş ləğv edilir, əsas məqsəd ekipajı sağ qaytarmaqdır.
Astronavtlar planı dəyişərək Ay moduluna keçdilər. Normalda iki nəfərlik və qısa müddət üçün nəzərdə tutulmuş bu modul indi üç nəfərin günlərlə yaşayacağı sığınacağa çevrildi. Enerjiyə qənaət üçün istilik sistemi söndürüldü və temperatur sürətlə düşdü. Divarlarda su buxarı donub buz kristallarına çevrilirdi. Su payı azaldıldı, hər kəs gündə cəmi bir neçə qurtum içirdi.
Normalda NASA kosmik gəmilərdə suyun böyük hissəsini hidrogen və oksigenin reaksiyası ilə işləyən elektrik istehsal sistemlərindən alırdı. Yəni su ayrıca daşınmırdı, uçuş zamanı istehsal olunurdu. Lakin partlayışdan sonra bu sistemlər dayandı və yeni su yaranmadı. Buna görə astronavtlar mövcud ehtiyatı çox sərt rejimlə istifadə etməli oldular. Gündə təxminən bir stəkandan da az, cəmi 150–200 ml su içirdilər. Bu isə həm susuzluq, həm baş ağrısı, həm də halsızlıq yaradırdı
Əlavə olaraq karbon qazının səviyyəsi də təhlükəli həddə qalxdı və Yer üzündəki mühəndislər karton, plastik torba və lentdən istifadə edilən improvizə olunmuş filtr hazırlama üsulu tapdılar. Astronavtlar bu qurğunu kabinədə özləri yığaraq nəfəs almağı mümkün etdilər.
Bütün bu müddətdə gəmi Ayın ətrafından dolanaraq cazibə qüvvəsindən sapan kimi istifadə etdi və Yerə doğru geri yönəldi. Bu manevr son dərəcə dəqiq hesablanmalı idi, çünki kiçik səhv belə onların kosmosda əbədi itməsi demək ola bilərdi. Ekipaj soyuqda, yorğun və susuz halda saatlarla hesablamalar aparır, ulduzlara baxaraq istiqaməti əl ilə yoxlayırdı. Buna baxmayaraq, xatirələrində yazdıqları kimi, panikaya qapılmadılar, hər kəs yalnız növbəti addımı düşünürdü.
Yerə yaxınlaşanda zədələnmiş xidmət modulu ayrıldı və onlar pəncərədən baxanda partlayışın nəticəsini ilk dəfə açıq gördülər (fotoda gördüyünüz). Modulun böyük hissəsi qopmuş, daxili mexanizmlər çılpaq halda görünürdü. Bir az da geciksəydilər, sağ qalmaq mümkün olmazdı. Son mərhələdə Ay modulu da ayrıldı və yalnız komanda modulu atmosferə daxil oldu. Bir neçə dəqiqəlik radio səssizliyi bütün dünyanı təşvişə saldı. Nəhayət, paraşütlər açıldı və kapsul okeana eniş etdi.
Beləliklə, Apollon 13 Ay səthinə enə bilmədi, lakin insan zəkasının, mühəndisliyin və soyuqqanlılığın ən parlaq nümunəsinə çevrildi.
Astronomiya
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru