Baş nazir istefa verdi - Bu ölkədə

Bu gün, 00:10           
Baş nazir istefa verdi - Bu ölkədə
Latviyada son həftələrdə dərinləşən siyasi gərginlik ölkə hökumətinin tam tərkibdə istefası ilə nəticələnib. Baş nazir Evika Silina bu gün, 14 may 2026-cı il tarixində vəzifəsindən istefa verdiyini rəsmən elan edib və prezident Edqars Rinkeviçsə istefa məktubunu təqdim edib. Bu addım koalisiya tərəfdaşı olan "Proqressivlər" partiyasının hökumətə dəstəyi dayandırmasından və müdafiə naziri Andris Sprudsun vəzifəsindən kənarlaşdırılmasından sonra qaçılmaz hala gəlib.

NOCOMMENT.az xəbər verir ki, siyasi böhranın əsas səbəbi mayın 7-də ölkənin hava məkanının ciddi şəkildə pozulması ilə bağlıdır. Həmin gün Latviyanın Rusiya ilə sərhəd bölgəsində yerləşən Rezekne şəhərindəki neft anbarına iki pilotsuz uçuş aparatı (PUA) düşərək partlayışa və yanğına səbəb olmuşdu. Hadisədən dərhal sonra Latviya Müdafiə Nazirliyi və ordusu hava məkanını qoruya bilməməkdə və dronlara vaxtında müdaxilə etməməkdə kəskin tənqid olunmuşdu.

Məsələnin beynəlxalq miqyas almasına səbəb isə Ukraynanın xarici işlər naziri Andrey Sibihanın rəsmi etirafı olub. Sibihanın bildirdiyinə görə, aparılan araşdırmalar nəticəsində məlum olub ki, həmin dronlar əslində Ukraynaya məxsus olub və Rusiyadakı hərbi hədəflərə doğru uçub. Lakin Rusiyanın tətbiq etdiyi güclü radioelektron mübarizə (REM) vasitələri dronların idarəetmə sistemini pozaraq onları qəsdən marşrutdan çıxarıb və Latviya ərazisinə yönləndirib.

Ukrayna tərəfi baş vermiş insidentə görə Latviyadan rəsmi şəkildə üzr istəyib və gələcəkdə belə halların qarşısını almaq üçün Baltikyanı ölkələrə, eləcə də Finlandiyaya hava hücumundan müdafiə üzrə mütəxəssislər göndərməyə hazır olduğunu bəyan edib.

Buna baxmayaraq, Latviya daxilindəki müxalifət və bəzi koalisiya üzvləri hökuməti milli təhlükəsizliyi təmin edə bilməməkdə ittiham ediblər. Evika Silina istefa çıxışında yaranmış vəziyyətə görə koalisiya tərəfdaşlarını günahlandırsa da, yeni hökumət formalaşana qədər kabinetin müvəqqəti icraçı funksiyasını yerinə yetirəcəyini bildirib. Prezident Edqars Rinkeviçs isə sabahdan etibarən yeni koalisiyanın qurulması üçün parlamentdəki siyasi partiyalarla məsləhətləşmələrə başlayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru