10 il sonra Bakıda hər 5 nəfərdən 4-ü artıq çəkili olacaq
1-03-2026, 10:34

Bakı küçələrində addımbaşı rast gəlinən fastfud restoranları artıq şəhərin vizual mənzərəsinin ayrılmaz hissəsinə çevrilib. Son iki ildə həm yerli sahibkarların yaratdığı brendlər, həm də dünyaca məşhur şəbəkələr paytaxtın demək olar ki, hər səmtində yeni filiallar açır. Bu artım sadəcə biznes rəqabəti deyil, həm də paytaxt sakinlərinin qidalanma vərdişlərinin köklü şəkildə dəyişdiyini göstərir. İş qrafikinin gərginliyi və vaxt məhdudiyyəti insanları daha çox ayaqüstü yeməklərə sövq edir. Lakin bu rahatlıq gələcəkdə ciddi sağlamlıq problemləri ilə müşayiət oluna bilər.
Dietoloq Vüsalə Babayeva Demokrat.az-a açıqlamasında mövcud mənzərənin yaratdığı təhlükələrə diqqət çəkib.
O qeyd edib ki, bu tendensiya uzunmüddətli perspektivdə artıq çəki və piylənmə hallarının artması riskini yüksəldir. Dietoloqun sözlərinə görə, problem təkcə qidanın tərkibi ilə bitmir, həm də insanların hərəkətsizliyi ilə birləşəndə fəsadlar qaçılmaz olur.
"Fast-food" məhsulları adətən yüksək kalorili, doymuş yağ və sadə karbohidratlarla zəngin olur. Eyni zamanda lif, vitamin və mineral baxımından kasaddır. Bu cür qidaların tez-tez və nəzarətsiz qəbulu enerji balansının pozulmasına, yəni qəbul edilən kalorinin sərf olunandan çox olmasına gətirib çıxarır. Nəticədə bədəndə yağ toplanması sürətlənir", - deyə dietoloq vurğulayıb.
Hazırda Bakıda gənclər və uşaqlar arasında bu növ qidalara marağın pik həddə çatması müşahidə edilir. Əgər fiziki aktivlik aşağıdırsa, oturaq həyat tərzi üstünlük təşkil edirsə və porsiya ölçülərinə nəzarət olunmursa, yaxın 10 il ərzində piylənmə göstəricilərində kəskin artım tam real görünür. Bu proqnoz sadəcə estetik görünüş deyil, birbaşa xroniki xəstəliklərin yayılması deməkdir.
Vüsalə Babayeva bu artımın gətirəcəyi konkret xəstəlikləri də sadalayıb. Onun fikrincə, piylənmə fonunda 2-ci tip şəkərli diabet, arterial hipertenziya, ürək-damar xəstəlikləri və qaraciyərin yağlanması kimi problemlər arta bilər. Lakin diteoloq çıxış yolunun olduğunu da gizlətmir.
"Proses qaçılmaz deyil. Maarifləndirmə, sağlam qidalanma mədəniyyətinin formalaşdırılması, məktəblərdə və ailələrdə düzgün vərdişlərin aşılanması, həmçinin gündəlik fiziki aktivliyin artırılması riskləri əhəmiyyətli dərəcədə azalda bilər. Yəni məsələ təkcə fast-food-un mövcudluğu deyil, onun nə qədər tez-tez və hansı həyat tərzi fonunda istehlak olunmasıdır" deyə dietoloq fikrini tamamlayıb.
Görünən odur ki, şəhərdəki restoranların sayı artdıqca, vətəndaşların öz sağlamlıqları üçün ayırdıqları vaxt da artmalıdır. Əks halda sürətli qidalanma gələcəkdə səhiyyə sistemi üçün ağır yükə çevrilə bilər.

