Abbas Mirzə Şərifzadənin faciəli ölümü.

10-03-2026, 09:34           
Abbas Mirzə Şərifzadənin faciəli ölümü.
Nəsiman Yaqublu yazıb:
... 1930-cu illərdir... Abbas Mirzə Şərifzadə Azərbaycan teatrının səhnəsində parlaq obrazlar yaradır. Şekspirin, Cavidin, C.Cabbarlının qəhrəmanları onun ifasında səhnədə “yaşayır”, “mübarizə aparır”, “sevir”, qısqanclıq zəhəri ilə “çırpınırlar”.
Azərbaycan teatrının səhnəsində Abbas Mirzənin ifasında qısqanc Otellonun iztirabları eşidilir:
... Qəzəbim bir ilan olmuş, sürünür,
Şübhəsiz, burda cinayət görünür.
Titrədən söz deyil, əlbəttə məni...
Of, ya rəbbi! Bu mümkün yəni?..
O qulaqlar, o dodaqlar, dəsmal...
Ah, iblis qadın!.. Al, boynuna al!
1936-cı il 11 fevral. Həmin gün Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Abbas Mirzə Şərifzadəyə “Respublikanın Xalq Artisti” Fəxri adı verilir.
Elə həmin il teatr tariximizdə bir mühüm hadisə də baş verir. Mart ayının 18-də Şekspirin “Maqbet” əsəri Azərbaycan səhnəsində tamaşaya qoyulur. Maqbet rolunda Respublikanın Xalq Artisti Abbas Mirzə Şərifzadə çıxış edir.
... 1937-ci ilin dekabr ayında Abbas Mirzə Şərifzadəni həbs edirlər.
... İlk istintaq prosesi gedir. Abbas Mirzə Şərifzadə ittiham olunur. İlk istintaqda qardaşı haqqında suallar verirlər (Abbas Mirzənin qardaşı Qulammirzə inqilabdan sonra köçüb İrana getmişdi və orada yaşayırdı). Abbas Mirzədən soruşurlar ki, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Qulammirzəni niyə həbs etmişdilər?
Abbas Mirzə cavab verir ki, qardaşını Müsavat hökuməti ilə əlaqədə günahlandırıb tutmuşdular. Bir müddət həbsxanada yatandan sonra çıxıb getdi İrana. O vaxtdan bəri onunla əlaqəsi olmayıb.
1938-ci ildir... Böyük Azərbaycan aktyoru Abbas Mirzə Şərifzadə istintaq olunur.
Getdikcə sualların xarakteri də başqalaşır. İndi Abbas Mirzəni daha çox siyasi sahəyə “çəkirlər”. Siyasi səhvlərini etiraf etməyə çağırırlar. Soruşurlar ki, Müsavat hökuməti ilə hansı əlaqələrin olub?
Abbas Mirzə qətiyyətlə bildirir ki, onun Müsavat hökuməti ilə əlaqəsi olmayıb. Həmin hökumətin heç bir üzvü ilə də münasibət saxlamayıb.
İstintaq aparanlar bu dəfə də Abbas Mirzədən istədikləri cavabı ala bilmirlər. Hələlik Abbas Mirzə qətiyyətli və möhkəmdir, haqqın, ədalətin təntənəsinə inam hissi içərisində qırılmayıb.
İndi böyük şair Hüseyn Cavidin adını çəkirlər. Soruşurlar ki, Cavidin “millətçi” əsərlərində niyə oynayırdın? Bundan məqsədin nə idi?
Abbas Mirzə yenə həqiqəti söyləyir. O həqiqəti söyləyir ki, onu ən düşüncəsiz adam da başa düşə bilər. Deyir ki, mən artistəm və borcum tamaşaya qoyulan əsərdə oynamaqdır.
İstintaq prosesi davam etdikcə, günlər ötdükcə “2839” nömrəli məhbusun da (Abbas Mirzə Şərifzadəini) işgəncələri artır, yaşayışı dözülməz olurdu. Həbsxana divarları arasında onunla rəftar da kobudlaşır, pisləşirdi. Üzüntülü sorğu-suallar, həbsxananın ağır şəraiti Abbas Mirzəni haldan salır, taqətini kəsirdi. Bu, onun keçirdiyi fiziki ağrılar idi. Mənəvi sarsıntılar isə başqa tərzdə didib-parçalayır, göynədirdi içərisini. Lakin hələ dözürdü ağrılara...
Yenə sorğular, suallar.
Abbas Mirzə Şərifzadəni “troyka” dəstəsi mühakimə edir. Abbas Mirzənin etirazları heç bir fayda vermir. “Troyka”nın çıxardığı hökm amansızdır. Böyük aktyor ən yüksək cəzaya - ölümə məhkum edilir. Altı gündən sonra Abbas Mirzə çox şeyi “etiraf” edir: “Mən uzun müddət onlarla razılaşmırdım. Nəhayət razılıq verdim. Mənə tapşırılmışdı ki, bədii sovetdə Hüseyn Cavidin millətçi “Şeyx Sənan”, “Səyavuş” əsərlərini müdafiə edim”.
Abbas Mirzə daha sonra etiraf edir ki, “İblis”, “Romeo”, “Eyvaz” rollarını oynayarkən də bəzi əksinqilabi tapşırıqları yerinə yetirirmiş (məcburiyyətdən doğan “etiraf”lara bir fikir verin). Müqavimət göstərməyin boş və mənasız olduğunu başa düşən Abbas Mirzə çox ittihamları qəbul edir. 1938-ci il noyabrın 2-də deyir: “Biz əksinqilabi təşkilatların üzvləri ilə “Avropa” mehmanxanasında görüşürdük”.
“2839” nömrəli məhbusu da belə təslim edirlər.
... Abbas Mirzə Şərifzadə “İran casusu”, “xarici ölkə casusu” kimi günahlandırılaraq ölüm cəzasına məhkum edilir. 1938-ci il soyuq noyabr günlərinin birində hökm yerinə yetirilir. Azərbaycan səhnəsinin daha bir günəşi qırx beş yaşında belə söndü...
Qardaşının başına gələn faciəni eşidəndən bir il sonra, üstündən tikanlı məftillər keçən Arazın o tayında - Tehran şəhərində Abbas Mirzənin istəkli qardaşı Qulammirzə dərdə dözməyib dünyadan köçdü.
Bəzi məlumatlara görə, A.M.Şərifzadəyə həbsxanada işgəncə verdikdən sonra o, çətinliklə ayağa qalxıb səhnədə dediyi məşhur “olum, yoxsa ölüm” monoloqunu söyləmiş, sonra dişləri ilə əlinin damarlarını qopartmağa başlayıb. Həbsxana işçiləri gəlib onu aparıblar və bu hadisədən sonra onun həyatından heç bir məlumat olmayıb.
Nəsiman YAQUBLU
tarix elmləri doktoru
525.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru