Kosmosda baş verəcək nüvə partlayışı planeti fəlakətdən xilas edə bilər - Alimlər
Bu gün, 10:42

Çinli alimlər Yerə potensial təhlükə yaradan asteroidlərə qarşı yeni müdafiə konsepsiyası irəli sürüblər. Tədqiqatçıların hesablamalarına görə, səma cisminin sadəcə səthinə zərbə endirmək əvəzinə, onun daxilində nüvə qurğusunun partladılması daha yüksək effekt verə bilər.
Moderator.az xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri məlumat yayıb.
Məlumata görə, təklif edilən konsepsiya iki mərhələli kosmik missiyanı nəzərdə tutur. Birinci pilotsuz aparat asteroidin səthinə yüksək sürətlə zərbə endirərək dərin çuxur açır. Daha sonra ikinci aparat həmin çuxura nüvə qurğusunu yerləşdirir və onu əvvəlcədən hesablanmış dərinlikdə işə salır.
Alimlərin fikrincə, bu yanaşma səthdə həyata keçirilən partlayışla müqayisədə enerjinin asteroidə daha səmərəli ötürülməsini təmin edə bilər. Bundan başqa, nüvə qurğusunun birbaşa zərbə anında zədələnməsi riski də azalır.
Kompüter simulyasiyalarının nəticələrinə əsasən, 300 kiloton gücündə nüvə yükü diametri təxminən 50 metr olan asteroidi tamamilə məhv edə bilər. Təxminən 100 metr diametrli asteroid üçün isə 3 meqatonluq partlayışın tələb olunduğu bildirilir.
Tədqiqatçılar hesab edirlər ki, diametri təxminən 1 kilometr olan iri asteroidlərdə nüvə qurğusunun 30 metr dərinlikdə partladılması onun hərəkət sürətini təxminən 30 santimetr/saniyə dəyişə bilər. Bu göstərici 10 metr dərinlikdə həyata keçirilən partlayışla müqayisədə üç dəfədən çox effektiv hesab olunur.

