Şah İsmayıl niyə bu gün də mübahisə doğurur?
Bu gün, 10:34

Şah İsmayılın özü artıq tarixə çevrilib. Amma onun ətrafında gedən mübahisələr hələ də bugünkü siyasətin bir hissəsidir.
Əslində Şah İsmayıl haqqında yazılanlar tarixdən daha çox müəllifin hansı siyasi və dini düşərgəyə mənsub olmasını əks etdirir.
Səfəvi mənbələri
Səfəvi salnamələrində Şah İsmayıl Allahın seçdiyi hökmdar, böyük fateh, şiəliyin himayədarı və dövlət qurucusu kimi təqdim edilir. Onun qələbələri ilahi yardımın təzahürü, fəaliyyəti isə müqəddəs missiya kimi qələmə verilir.
Osmanlı mənbələri
Osmanlı salnamələrində isə mənzərə tamamilə fərqlidir.
Şah İsmayıl haqqında “fitnəkar”, “mülhid” (dindən çıxmış), “rafizi” (o dövrün sünni polemikasında şiələrə qarşı işlədilən təhqiredici termin), “əhli-fəsad” (fitnə və qarışıqlıq yaradan), “zındıq” kimi çox ağır ifadələr işlədilir.
Bu sözlər təkcə dini ittiham deyildi.
Bunlar XVI əsrin siyasi mübarizəsinin dili idi.
Çünki Osmanlı ilə Səfəvi dövlətləri Yaxın Şərqdə siyasi və hərbi üstünlük uğrunda amansız rəqabət aparırdılar.
Məzhəb bu mübarizənin mühüm ideoloji silahına çevrilmişdi. Elə Səfəvi tarixçiləri də Osmanlı sultanlarını gecə-gündüz lənətləyirdi…
Başqa sözlə, siyasi rəqabət məzhəb qarşıdurmasını dərinləşdirirdi, məzhəb qarşıdurması isə siyasi rəqabəti daha da sərtləşdirirdi.
Müasir tarixçilər
Müasir tarixşünaslıq isə nə Səfəvi təbliğatını, nə də Osmanlı polemikasını olduğu kimi qəbul edir.
Roger Savory, Michael Axworthy, Rudi Matthee kimi tarixçilər Şah İsmayılı böyük dövlət qurucusu, qeyri-adi sərkərdə və Yaxın Şərqin siyasi tarixini dəyişmiş şəxsiyyət kimi qiymətləndirirlər.
Eyni zamanda onun dini siyasətinin bölgədə uzunmüddətli məzhəb qarşıdurmalarına təsir göstərdiyini də qeyd edirlər.
Yəni tarixdə böyük iz qoymuş şəxsiyyətlər heç vaxt hamı tərəfindən eyni cür qiymətləndirilməyib.
Ancaq bir məqamı unutmaq olmaz.
XVI əsrin Osmanlı–Səfəvi qarşıdurmasını XXI əsrə daşımaq heç bir xalqın maraqlarına xidmət etmir.
Bu gün də İranın teokratik siyasi sistemi və onun ideoloji ritorikasında şiə-sünni fərqləri, o cümlədən Çaldıran döyüşü kimi tarixi hadisələrə istinadlar zaman-zaman ön plana çıxarılır. Bu mövzuların regional siyasi münasibətlər kontekstində istifadə olunduğu barədə müxtəlif təhlillər və müzakirələr mövcuddur.
Azərbaycanın milli marağı isə başqadır.
Azərbaycan nə Osmanlı ilə Səfəvilərin XVI əsr müharibəsini davam etdirməlidir, nə də məzhəb qarşıdurmalarını gələcəyə daşımalıdır.
Əksinə, Azərbaycan öz tarixi təcrübəsindən nəticə çıxararaq gələcəyə baxmalıdır.
Bu gün Azərbaycanın strateji marağı Türkiyə ilə, Mərkəzi Asiyanın türk dövlətləri ilə əməkdaşlığı gücləndirmək, Türk dünyasının inteqrasiyasına töhfə vermək, güclü iqtisadiyyat qurmaq, hüququn aliliyinə söykənən müasir dövlət yaratmaq və demokratiyanı inkişaf etdirməkdir.
Tarix bizim yaddaşımızdır.
Amma gələcəyimiz deyil.
Gələcəyimizi keçmişin müharibələri yox, bugünkü ağlımız, elmimiz, iqtisadi gücümüz və siyasi müdrikliyimiz müəyyən edəcək.
Şah İsmayılın özü artıq tarixə çevrilib.
Təəssüf ki, onun ətrafında gedən mübahisələr hələ də bugünkü siyasətin bir hissəsidir.
Məhz buna görə tarixə emosiyalarla deyil, soyuq ağılla baxmaq milli maraqlarımız baxımından daha faydalıdır.
Bu fikri elə Şah İsmayıl Xətainin öz misraları ilə də tamamlamaq olar:
“Mərd olan meydan içində bəlli olur.”
Bu misra beş yüz ildən sonra da öz mənasını itirməyib.
Ancaq bizim meydanımız artıq Çaldıran deyil.
Bizim meydanımız elm meydanıdır.
İqtisadiyyat meydanıdır.
Texnologiya meydanıdır.
Hüququn aliliyi meydanıdır.
Demokratiya meydanıdır.
Milli birlik meydanıdır.
Şah İsmayılı sevən də, tənqid edən də əvvəlcə bir həqiqəti qəbul etməlidir:
Tarixdən dərs almaq lazımdır. Tarixin içində yaşamaq yox.
Tarixə hörmət edək. Ancaq gələcəyi tarixin deyil, ağlın, elmin, azadlığın və inkişafın üzərində quraq…
Keçmiş dəyişmir. Gələcək isə hələ yazılmayıb. Buna görə də enerjimizi keçmişin savaşlarını təkrarlamağa deyil, gələcəyin Azərbaycanını qurmağa sərf etməliyik.
Bəli, tarixi bilmədən gələcəyi qurmaq olmaz, amma keçmişin içində yaşamaqla da gələcək qurulmur…
Elbeyi Hesenli

