Öz evində namus keşikçisi kəsilənlər başqasının ailəsinə gələndə birdən-birə bütün prinsiplərini unudurlar.
Bu gün, 11:34

İsmayıl Şıxlının " Dəli Kür " romanının qəhrəmanı kəndin qeyrətli kişisi kimi tanınan Cahandar ağa başqasının arvadını qaçırır. Biz bu paradoksu illərdir ədəbiyyat nümunəsi kimi oxuyuruq. Halbuki bu, təkcə romanın yox, cəmiyyətin də güzgüsüdür.
Bu gün də ölkə Cahandar ağalarla doludur. Öz evində namus keşikçisi kəsilənlər başqasının ailəsinə gələndə birdən-birə bütün prinsiplərini unudurlar. Qadının geyiminə, gülüşünə, davranışına hökm oxuyanlar öz baxışlarını, israrlı mesajlarını, həyasız təkliflərini isə problem saymırlar.
Namus niyə həmişə qadının çiynində daşınmalıdır? Kişinin namusu harada başlayır? Başqasının həyat yoldaşına tamah salanda? Küçədə qadını narahat edəndə? Vəzifəsindən istifadə edib onu sıxışdıranda? Yoxsa bunların hamısına "kişidir də" deyib keçəndə?
Sənətçisindən ziyalısına, məmurundan adi vətəndaşına qədər bu ikili standartı yaşadanlar var. Problem təkcə ayrı-ayrı adamlarda deyil, problemin kökü bu düşüncə tərzindədir. Şəhvətini cilovlaya bilməməyi kişiliyin təbiəti kimi təqdim edən hər yanaşma, əslində, zorakılıq mədəniyyətini qidalandırır.
Bunun nəticəsində qadınlar təkcə fiziki deyil, hər gün görünməz psixoloji zorakılığın içində yaşayırlar. Baxışlardan, eyhamlardan, israrlı "yox"u qəbul etməyən davranışlardan yorulurlar.
Belə bir mənzərəyə baxanda adamın ağlına yalnız bir sual gəlir: bu xarabadan hara gedək?
Gunel Musa

