Fatma xalanın kartı bloklananda kənd məhsulları bahalaşacaq
Bu gün, 10:18

Kartdan-karta köçürmələr ən çox aqrar sektora təsir edəcək. Bəlkə də bu məntiq sizə qəribə görünə bilər. Niyə aqrar sektora təsir edəcək?
Məlum mən bu qərarı verən "iqtisadçılar"dan fərqli olaraq kiçik biznesdə iştirakçıyam. Eyni zamanda həftənin 2 günü paytaxtda olsam da, qalan günləri Şərqi Zəngəzur, Mərkəzi Aran rayonlarında oluram. Və bu aralar ölkəmizin inkişafını durduran yüzlərlə element gördüm. Bu klidləmədə vergi sistemi heç bir rol oynamır. Vergi sistemi kifayət qədər şəffafdır. VÖEN aç, kassa aparatı al, PostTerminal al və işlə. Kimsə qapını da döymür. Vaxtı-vaxtında bəyyənnammə və hesabatlarını ver işlə.
Bəziləri deyir ki, FHN mane olur. Olmur. Tam məsuliyyətimlə deyirəm. Ən böyük problem AQTA-dır. Qida və qida istehsalı sahəsində kiçik və orta sahibkarlığı çəhv edən məhz AQTA-dır. Heç bir xəbərdarlıq yoxdur, güzəşt müddəti yoxdur. "Get problemlərini həll et, 1 ay sonra yenidən monitorinq edəcəm" deyən yoxdur. Gəldisə ya "haqqını" verəcəksən, ya da bağlayacaqlar.
Regionda ən böyük problem məhz kartdan-karta köçürmələrə tətbiq edilən limit olacaq.
Bu qərarı tezliklə dəyişmək lazımdır. Əks təqdirdə kiçik ailə təsərrüfatları da iflasa uğrayacaq.
Deyim siz də oxuyun.
Sadə dillə Fatma xala həyətində 200 toyuq saxlayır. 3 inəyi var. Toyuq satır, yumurta satır, süd satır, qatıq satır. Bu satdıqlarını yaxınları "Votsap" statusları ilə, sosial şəbəkələrlə təşkil edir. Məhsulları Bakıya rayondan paytaxta sərnişin daşıyan taksilər həyata keçirir. Bu sizə kiçik ticarət kimi görünməsin.
Fatma xalalar yüzlərlə, minlərlə, onminlərlədir.
Bundan sonra onun kartına heç kim 5-6-10 manat ata bilməyəcək. Məhdudiyyət var axı.
Bundan sonra nə olacaq? Sadəcə nağd ödənişlər. Bakıda 30 yumurta alan, 3 litr süd alan adam 10 manatı necə çatdıracaq Fatma xalaya?
Bu qərarı verənlər arpa sahəsi ilə buğda sahəsini ayırd edə bilməyənlərdir.
Ailə təsərrüfatları beləcə iflas edəcək. Bakıdan Fatma xalaya göndərdiyi südün pulunu ödəmək istəyənlər yenə Bakıdan rayona "xaltura" edən taksiyə əlavə 1-2 manat da verəcək. Nəticədə nə olacaq? Fatma xala qiyməti qaldıracaq ki, nağd pulunu toplaya bilsin.
Və qiymət bahalaşanda bazar kiçiləcək.
Bazar kiçiləndə nə olacaq? İqtisadiyyat daralacaq.
Bilmirəm anlata bildimmi?
Razi Abasbəyli

