Nizami Gəncəvi kimi müdrik və uzaqgörən bir insan belə sadəlövh addım atmazdı.
Bu gün, 09:34

Son illər Nizami Gəncəvi haqqında ən çox təkrarlanan iddialardan biri budur ki, guya Şirvanşah Axsitan ona əsərini fars dilində yazmağı tapşırmış, Nizami isə buna etiraz edərək "beynimə qan sızdı", "ürəyim qan oldu" kimi ifadələr işlətmişdir. Söhbət "Leyli və Məcnun" poemasının müqəddiməsində Şirvanşah Axsitanın sifarişindən gedir. Nizami burada şahın istəyini nəzmə çəkir. Farsca mətndə təxminən belə misralar var:
"Türkilik bizə vəfa etməz.", "Yüksək nəsilli olan kəs türkcə danışmaz.","Bu inciyə fars və ərəb zinəti ver.
"Maraqlıdır ki, bu fikir artıq elə təqdim olunur ki, sanki mübahisəsiz tarixi həqiqətdir. Mən isə bunun əksini düşünürəm.
Əvvəla, Nizaminin öz əli ilə yazdığı bircə sətir belə mövcud deyil. Bu gün oxuduğumuz bütün mətnlər onun ölümündən təxminən 300-400 il sonra köçürülmüş əlyazmalara əsaslanır. Ən qədim nüsxələr belə müəllif dövrünə aid deyil. Deməli, biz Nizaminin dövründəki əlyazmanı deyil, 15-16-cı əsrlərdə katiblərin köçürdüyü mətnləri oxuyuruq.
Mətnşünasların özləri də etiraf edirlər ki, müxtəlif əlyazmalar arasında söz, misra və hətta bütöv parçalar baxımından fərqlər mövcuddur. Belə olan halda hansı əsasla iddia edilir ki, həmin ifadələr mütləq Nizaminin öz sözləridir?
Mən bu məsələyə başqa tərəfdən baxıram.
Nizami Şirvanşahların saray şairi idi. XII əsrdə hökmdarın sifarişini qəbul edib, sonra da həmin hökmdarın istəyini açıq şəkildə alçaldan ifadələr yazmaq ağıla və tarixi reallığa nə dərəcədə uyğundur? Doğrudanmı Nizami Şirvanşaha demək istəyirdi ki, "sənin farsca yazmaq təklifindən beynimə qan sızdı", sonra da həmin əsəri aparıb onun özünə təqdim etdi? Mən buna inanmıram.Əgər belə olsaydı, Şirvanşah bunu təhqir hesab etməzdimi? O dövrün hökmdarları tənqidə belə dözümsüz yanaşdıqları halda, sarayında yaşayan bir şairin bu cür sözlərini bağışlayardımı? Məncə, bunun cavabı aydındır.
Burada başqa bir məqam da diqqətimi çəkir. Tarix göstərir ki, hakimiyyətlər təkcə qılıncla deyil, qələmlə də siyasət aparıblar. Dövlətlər öz ideologiyalarına uyğun mətnlər hazırladıb, köçürüb, redaktə etdiriblər. Bunun nümunələri kifayət qədərdir.
Səfəvilər dövründə "Şahnamə"yə xüsusi dövlət himayəsi göstərilməsi, onun yenidən yazılması təsadüfi deyildi. Klassik əsərlər sadəcə ədəbi nümunə deyil, həm də ideoloji vasitə hesab olunurdu. Hakimiyyət hansı ideyanı gücləndirmək istəyirdisə, həmin mətnləri ön plana çəkirdi. Bu baxımdan Nizami irsinin də müxtəlif dövrlərdə müəyyən redaktələrə və ideoloji yozumlara məruz qalması ehtimalını tamamilə istisna etmək olmaz.Səməd Vurğunun Azərbaycan şeirində "Stalinin eşqiilə sən yaşayacaqsan hər zaman" misraları sonradan Stalinin Partiya ilə dəyişdirilməsi də bir nümunədir.Günümüzdə bu misralar necə səslənir.))))
Xüsusilə XV–XVI əsrlərdə, daha sonra isə Sovet dövründə klassiklərin əsərlərinin müəyyən siyasi məqsədlərlə şərh olunması artıq məlum tarixdir. Sovet ideologiyası klassikləri dövrün siyasi tələblərinə uyğun təqdim etməyi bacarırdı. Belə bir şəraitdə Nizaminin adına müəyyən əlavələrin və ya xüsusi yozumların meydana çıxması mənə qeyri-mümkün görünmür.
Diqqət edin,Nizaminin türk dilində yazdığı bircə misra belə əlimizdə yoxdur. Amma bizə onun guya "türkcə yazmaq istəyirdim" dediyini sübut etməyə çalışırlar. Bu paradoksal deyilmi? Əgər ortada müəllifin türk dilində bircə dənə öz əlyazması yoxdursa, bu cür emosional ifadələrin həqiqətən ona məxsus olduğunu kim qəti şəkildə sübut edə bilər?
Mənə elə gəlir ki, burada başqa məqsəd də olub. Şirvanşahı guya "qeyri-türk", fars dili tərəfdarı kimi təqdim etmək, Nizamini isə buna qarşı çıxan bir obraz kimi göstərərək sonrakı dövrlərin siyasi ehtiyaclarına xidmət etmişdir. Nizami Gəncəvi kimi müdrik və uzaqgörən bir insan belə sadəlövh addım atmazdı. O, hökmdarı təhqir edib sonra ondan mükafat gözləyəcək qədər siyasi savadsız ola bilməzdi. Əksinə, mənə görə, onun adına aid edilən bu tip ifadələr ya sonrakı katiblərin əlavələri, ya da müxtəlif dövrlərin ideoloji redaktələrinin nəticəsidir.
Vasif Efendi

