Oyun dünyasında 55 milyard dollarlıq satış - Nəhəng müqavilə imzalandı
Bu gün, 08:18

ABŞ-ın video oyun şirkəti "Electronic Arts" (EA) 55 milyard dollarlıq satınalma müqaviləsinin tamamlanmasının ardından açıq səhmdar statusundan çıxaraq özəl şirkətə çevrilib.
Valyuta.az xəbər verir ki, ötən ilin sentyabrında elan olunan razılaşma maliyyə prosedurlarının başa çatması ilə qüvvəyə minib. Bununla da şirkətin səhmləri birjadan yığılaraq "Electronic Arts" özəl şirkət kimi fəaliyyətini davam etdirəcək.
Satınalma prosesinə rəhbərlik edən konsorsiumun əsas iştirakçısı Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fonudur ("PIF"). Konsorsiuma həmçinin "Silver Lake" və "Affinity Partners" daxildir. Razılaşmaya əsasən, yeni mülkiyyət strukturunda "PIF"in payı 93,4 faizə çatacaq.
Müqavilənin diqqətçəkən məqamlarından biri də təxminən 20 milyard dollarlıq borc maliyyələşdirilməsinin cəlb olunmasıdır. Bu göstərici sövdələşməni tarixdə ən böyük leverec (borcla maliyyələşdirilən) satınalmalardan birinə çevirir.
Analitiklərin fikrincə, yüksək borc yükü şirkətin gələcək nəşriyyat və inkişaf strategiyasına da təsir göstərə bilər. Hazırda "Electronic Arts" əsas diqqətini "Battlefield", "EA Sports FC", "Madden NFL" və "The Sims" kimi sabit gəlir gətirən məşhur oyun seriyalarına yönəldib. Mütəxəssislər hesab edirlər ki, maliyyə risklərinin artması fonunda şirkət eksperimental layihələrə daha az vəsait ayıraraq kommersiya baxımından uğurlu franşizalara üstünlük verə bilər.
Oxşar strategiya son illərdə oyun sənayesinin digər iri şirkətlərində də müşahidə olunur.
Son dövrlərdə oyun sektorunda iri satınalmaların sayı əhəmiyyətli dərəcədə artıb. "Microsoft"un "Activision Blizzard"ı 68,7 milyard dollara, "ZeniMax Media"nı isə 7,5 milyard dollara alması bazardakı rəqabət balansını dəyişdirən əsas hadisələrdən biri olub. Bundan başqa, "Take-Two" şirkəti "Zynga"nı 12,7 milyard dollara satın alaraq sənayedə konsolidasiya prosesinin sürətlə davam etdiyini göstərib.

