Türk dünyasında inteqrasiyanın və strateji əməkdaşlığın yeni mərhələsi
7-10-2025, 17:10

Oktyabrın 6-7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü həmrəyliyin, inteqrasiyanın və strateji əməkdaşlığın yeni mərhələsini ifadə edir. Son dövrlərdə bu zirvə görüşləri təkcə diplomatik hadisə kimi deyil, həm də XXI əsrdə türk sivilizasiyasının siyasi və mədəni dirçəlişinin təzahürü kimi təhlil edilməlidir.
Zirvə Görüşünə Qəbələnin ev sahibi seçilməsi təsadüfi deyil. Azərbaycanın tarixi, mədəni və geosiyasi baxımdan Türk dünyasının mərkəzində olması bu şəhəri rəmzi bir məkan halına gətirib. Zirvə toplantısı türk xalqlarının birliyinin tarixi dərinliyini, strateji əhəmiyyətini və gələcəyə yönəlik yeni çağırışlarını əks etdirir. Bu prosesin önündə dayanan şəxs isə Azərbaycan Prezidenti İlham Əliyevdir.
44 günlük müharibədən sonra Azərbaycanın atdığı addımlar nəticəsində türk dövlətləri arasında qəbul olunan qərarlar, imzalanan sənədlər və verilən bəyanatlar türk dövlətlərinin koordinasiyalı xarici siyasət, vahid iqtisadi məkan və birgə müdafiə konsepsiyası istiqamətində iradəsini nümayiş etdirməkdədir.
Bu mötəbər Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Prezidenti Sadır Japarov, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov, Macarıstanın Baş naziri Viktor Orban, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev iştirak ediblər. Bu göstərici tədbirin əhəmiyyətini bir daha təsdiqləyir.
TDT-də son nailiyyətlərə diqqət yetirsək türk iqtisadi inteqrasiyasını, habelə Orta Dəhlizin rolunu qeyd etmək lazımdır. 12-ci Zirvə Görüşündə çıxış edən Prezident İlham Əliyev bildirmişdir ki, nəqliyyat və kommunikasiya əlaqələri Türk Dövlətləri Təşkilatı çərçivəsində strateji əhəmiyyətə malikdir. Türk dünyasının nəqliyyat, kommunikasiya, tranzit və digər istiqamətlərdə potensialından istifadə məqsədilə görülən işlər qlobal əhəmiyyətli layihələrin icrasına gətirib çıxarıb.
Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Ölkəmiz Türkiyə ilə Mərkəzi Asiya arasında coğrafi, iqtisadi, nəqliyyat və digər sahələrdə körpü rolunu oynayır.
2022-ci ildən bəri Orta Dəhlizlə yükdaşımalar təqribən 90 faiz artıb. Dəhliz boyu tranzit müddətləri əhəmiyyətli dərəcədə azalıb. Xəzərin ən böyük ticarət donanması, yaxın illərdə gücü ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük yükdaşıma aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirib.
Bu çərçivədə Vaşinqton Zirvəsinin digər mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb edir.
Ölkə başçısı qeyd edib ki: “şaxələndirilmiş neft və qaz kəmərləri vasitəsilə Xəzər regionunun beynəlxalq bazarlara birləşdirilməsində strateji rol oynayırıq. Hazırda biz 14 ölkəyə təbii qaz ixrac edirik. Coğrafi əhatəsinə görə boru kəmərləri ilə təbii qaz ixrac edən ölkələr sırasında Azərbaycan birinci yerdədir.
Azərbaycan, həmçinin Günəş, külək və su elektrik enerjisi kimi bərpaolunan enerji mənbələrinə böyük sərmayələr cəlb edir. 2030-cu ilə qədər enerji istehsalımızın təxminən 40 faizi bərpaolunan mənbələr hesabına təmin ediləcək”.
Gələcəkdə Zəngəzur dəhlizinin açılması ilə türk dövlətləri Avrasiya məkanında vahid iqtisadi arteriya kimi formalaşacaq.
Azərbaycan Prezidenti türk dövlətlərinin beynəlxalq arenada vahid mövqedən çıxış etməsinin vacibliyini daim vurğulayıb. Bu baxımdan Qarabağ müharibəsindən sonrakı mərhələdə türk dövlətlərinin Azərbaycanla həmrəyliyi türk diplomatiyasının yeni modelini formalaşdırdı: “bir millət – çox dövlət, amma vahid strateji xətt”.
Müsahibimiz hərbi inteqrasiya ilə bağlı qeyd edib ki, Türkiyə və Azərbaycan arasında “Bir millət, iki dövlət” konsepsiyası artıq TDT məkanında kollektiv təhlükəsizlik ideyasına çevrilməkdədir. Bu istiqamətdə real mexanizmlərin yaradılmasına — birgə təlimlər, müdafiə sənayesi əməkdaşlığı, hərbi texnologiya mübadiləsi genişlənməkdədir.
Vurğulanıb ki, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir. Bu çərçivədə müttəfiqimiz olan Türkiyə ilə dərin əməkdaşlıq mövcuddur. Yalnız son bir ildə Türkiyə ilə birgə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlər keçirilib.
“Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirəm” – deyə ölkə başçısı bildirib.
Beləliklə bu gün Prezident İlham Əliyev təkcə milli lider deyil, həm də Türk dünyasının inteqrasiya memarı, türk sivilizasiyasının XXI əsrdəki yenidən doğuluşunun ideoloqudur.
Türk Dövlətləri Təşkilatının Azərbaycanda baş tutan toplantıları, o cümlədən Qəbələ Zirvə Görüşü türk xalqlarının gələcək onilliklərdə vahid iqtisadi məkan, güclü hərbi sistem və dərin mədəni sintez şəklində formalaşacağına işarədir.
Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru

