Azərbaycan-İtaliya münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir
6-05-2026, 00:02

Azərbaycanın xarici siyasətində Avropa ölkələri ilə əməkdaşlıq mühüm yer tutur. Bu baxımdan, ölkəmizin İtaliya ilə münasibətləri xüsusi vurğulanmalıdır. İki ölkəni möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır. Tərəflərin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, bir-birinin maraqlarına hörmət prinsiplərinə əsaslanır. Hər iki ölkənin rəhbərlərinin qarşılıqlı səfərləri münasibətlərin inkişafına böyük təkan verir. Bu baxımdan, İtaliyanın Nazirlər Şurasının sədri Corciya Meloninin ölkəmizə işgüzar səfəri böyük önəm daşıyır.
İtaliya-Azərbaycan münasibətləri çoxşaxəli xarakterlidir, hər iki ölkənin milli mənafeyinə, strateji maraqlarına cavab verir. İki ölkə arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir. İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın əsas siyasi, iqtisadi və ticarət tərəfdaşıdır. İtaliya ikitərəfli müstəvidə Azərbaycanın strateji tərəfdaşı olmaqla yanaşı, çoxtərəfli müstəvidə də Azərbaycanın sıx əməkdaşlıq etdiyi vacib ölkədir.
İtaliyanın Nazirlər Şurasının sədri Corciya Meloninin ölkəmizə səfəri zamanı qarşılıqlı münasibətlərin inkişafına dair faydalı müzakirələr aparılıb, ölkələrimiz arasında siyasi dialoqun inkişafından məmnunluq ifadə olunub və əlaqələrimizin strateji tərəfdaşlıq zəminində inkişafı vurğulanıb.
Hazırda iki ölkə arasında siyasi əlaqələr ən yüksək səviyyədədir. Eyni zamanda, ticarət əlaqələri də çox yaxşı vəziyyətdədir. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Prezident İlham Əliyevin bildirdiyi kimi “Keçən il bizim ticarət dövriyyəmiz təxminən 12 milyard dollar təşkil etmişdir. Təbii ki, əlaqələrimizin əsas istiqamətlərindən biri energetika sahəsində tərəfdaşlıqdır. Burada da biz uzun illər ərzində etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləyirik. Azərbaycan İtaliyanın neft təchizatında ikinci yerdədir, qaz təchizatında da ikinci yerdədir. Bizim üçün İtaliya bazarı həm neft, həm qaz üzrə birinci dərəcəli əhəmiyyət daşıyır. Keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına ixrac olunmuşdur. Bu gün söhbətlər və danışıqlar əsnasında biz bu həcmi artırmaq üçün müzakirələr aparmışıq”.
İki dövlət arasında yeni əməkdaşlıq sahəsi olan hərbi-texniki əməkdaşlıq ümidvericidir. Görüşlər zamanı bu barədə də danışılıb. Birgə layihələrin həyata keçirilməsi, birgə istehsalın təşkil edilməsi, İtaliya texnologiyalarının Azərbaycan maliyyə vəsaitinin birləşməsi ilə əlaqədar konkret fikirlər müzakirə edilib.
Qeyd edilib ki, İtaliya bazarı ölkəmiz üçün çox maraqlıdır. Azərbaycan Dövlət Neft Fondu son bir neçə il ərzində İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə qoyub. Görüşlərdə bu sərmayələrin yeni layihələrə cəlb edilməsi məsələləri də müzakirə olunub.
Bildirilib ki, İtaliya şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətinin çox böyük tarixi var. Hazırda ölkəmizdə İtaliyanın 130-a yaxın şirkəti fəaliyyət göstərir. O cümlədən, işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda İtaliya şirkətləri 23 layihə həyata keçirib və həyata keçirir. Xarici ölkələrin şirkətlərinə baxdıqda bu layihələrin icrasında İtaliya yenə qabaqcıl yerlərdədir.
Ümumiyyətlə, Azərbaycanın İtaliya ilə strateji tərəfdaşlıq münasibətlərində iqtisadi-ticarət sahəsində əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir. İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. İki ölkə arasında enerji sahəsində də əməkdaşlıq yüksək səviyyədədir. Azərbaycan İtaliyanın neft təchizatında birinci, qaz təchizatında isə ikinci yeri tutur. Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik qaz boru kəməri (TAP) ikitərəfli enerji əməkdaşlığını və İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib faktordur. Ən vacib məqamlardan biri də odur ki, Ermənistanın 30 illik işğalı dövründə İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Prezident İlham Əliyevin 2020-ci ili ilin fevral ayında İtaliyaya dövlət səfəri zamanı imzalanmış “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”də də Azərbaycan və İtaliya bir-birinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstəyi bir daha təsdiqləyib. 44 günlük Vətən müharibəsi zamanı da İtaliya Azərbaycanın haqlı mövqeyinə dəstək nümayiş etdirdi. Hazırda İtaliya şirkətləri azad olunmuş ərazilərimizin bərpasında iştirak edirlər. Bütün bunlar Azərbaycan-İtaliya münasibətlərinin bütün sahələr üzrə yüksələn xətlə inkişaf etdiyinin göstəricisidir.
İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası

