Britaniyada avtomobil nömrəsi inanılmaz qiymətə hərraca çıxarılacaq
9-10-2025, 17:34
"RM Sotheby's" hərrac evi noyabrın əvvəlində Londonda yalnız iki simvoldan ibarət - "1F" avtomobil nömrəsini satışa çıxaracaq.
Bu barədə "This is Money" nəşri məlumat yayıb.
Nömrənin satış qiymətinin 800 min - 1.2 milyon funt sterlinq (təxminən 1-1.6 milyon dollar) arasında olacağı gözlənilir. Ehtimal olunur ki, bu, İngiltərədə indiyədək satılmış ən bahalı avtomobil nömrəsi olacaq.
Məlumata görə, bu nömrə ilk dəfə 1957-ci ildə Böyük Britaniyada qeydiyyata alınıb. O, sonuncu dəfə "Ferrari 812 GTS" avtomobilinə məxsus olub.
Xatırladaq ki, dünyanın ən bahalı avtomobil nömrəsi "P 7" hesab olunur. 2023-cü ilin yazında Dubayda keçirilən hərracda həmin nömrə 55 milyon dirhəmə (təxminən 15 milyon dollara) satılıb və bu göstərici Ginnesin Rekordlar Kitabına düşüb.