Avropa İttifaqının büdcəsində 6 milyard avro qeyri-qanuni xərclər aşkarlandı
10-10-2025, 10:34

Avropa İttifaqında hər il büdcə xərclərini yoxlayan Avropa Auditorlar Məhkəməsi (ECA) 2024-cü il üçün səhv nisbətinin 3,6% olduğunu müəyyən edib. Bu, 2%-lik standartdan xeyli yüksəkdir, lakin 2023-cü ildə rekord göstərici olan 5,6%-dən aşağıdır.
Valyuta.az xəbər verir ki, Almaniyanın “Handelsblatt” qəzetinə görə, bu, təxminən 6 milyard avronun səhv, qeyri-düzgün və ya dələduzluq yolu ilə xərcləndiyi deməkdir.
AAK-ın hesabatında qeyd edilir ki, bir çox qeyri-qanuni xərclər Aİ-nin büdcə vəsaitlərinin Aİ standartlarına və tələblərinə uyğun olmayan layihələrə ayrılması, habelə qaydalara görə ödənilməməli olan xərclərin ödənilməsi ilə bağlıdır. Bundan başqa, dövlət satınalmaları ilə bağlı tələblərin tez-tez pozulması halları qeyd olunur.
Auditorlar vurğulayırlar ki, səhv dərəcəsi saxtakarlığın, səmərəsizliyin və ya israfın göstəricisi deyil. Əksər hallarda, bu, sadəcə olaraq, Aİ büdcə vəsaitlərinin blokun və ya üzv dövlətin qaydalarından kənarda nə dərəcədə xərcləndiyini göstərir. Hesabatda həmçinin bildirilir ki, auditorlar vəsaitlərin xərclənməsinin zərərli və saxtakar olmasından şübhələndikləri 19 fakt aşkarlayıblar – həmin işlər əlavə araşdırma üçün hüquq-mühafizə orqanlarına göndərilib.

