"Apple" bu şirkətə 1 milyard dollar ödəyəcək
7-11-2025, 16:24

“Apple”, “Siri”nin süni intellekt funksiyalarını təkmilləşdirmək məqsədilə “Google”un “Gemini” modeli ilə əməkdaşlığa başlayır.
Valyuta.az xəbər verir ki, texnologiya nəhəngi bu əməkdaşlıq çərçivəsində “Google”a ildə təxminən 1 milyard dollar ödəməyi planlaşdırır.
Razılaşmaya əsasən, “Gemini”nin xüsusi hazırlanmış versiyası “Siri”nin məzmunu xülasələşdirmə və planlaşdırma funksiyalarını gücləndirəcək. Yeni süni intellekt modelinin 1,2 trilyon parametrə malik olduğu bildirilir ki, bu da “Apple”ın hazırkı “Apple Intelligence” bulud modeli ilə müqayisədə təxminən səkkiz dəfə güclüdür. Qeyd edək ki, “Apple Intelligence”ın bulud əsaslı versiyası 150 milyard parametrdən ibarətdir.
Yeni model “Siri”nin daha mürəkkəb məlumatları emal etməsinə, eyni zamanda istifadəçi sorğularını daha dəqiq yerinə yetirməsinə imkan yaradacaq. Bununla belə, “Apple” şirkəti istifadəçi məxfiliyinin prioritet olaraq qalacağını və bəzi funksiyalar üçün daxili süni intellekt modellərindən istifadə ediləcəyini bildirir. “Google”un texnologiyası “Apple”ın “Xüsusi Bulud Hesablama” serverlərində işləyəcək və bu, istifadəçi məlumatlarının “Google”un əsas infrastrukturundan uzaq saxlanmasını təmin edəcək.
Bu razılaşma “Gemini”nin “Siri”yə birbaşa söhbət botu funksionallığı gətirməsini əhatə etmir. Lakin “Apple”ın baş direktoru Tim Kuk (Tim Cook) gələcəkdə bu inteqrasiyanın genişləndirilə biləcəyini istisna etmir. Hazırda “Siri” yalnız “ChatGPT” modelinə məhdud inteqrasiya ilə fəaliyyət göstərir.
Xatırladaq ki, “Apple” bu ilin əvvəlində “OpenAI” və “Anthropic” şirkətlərinin süni intellekt modellərini də test etmişdi. Lakin yekunda “Google”un “Gemini” modeli ilə əməkdaşlığa üstünlük verildi. Əslində, “Apple”ın bu istiqamətdə qərar verəcəyi artıq fevral ayında təqdim olunan kodlarda görünmüşdü – həmin kodlarda “OpenAI” ilə yanaşı “Google”un da adı qeyd olunmuşdu.
Yenilənmiş “Siri”nin 2026-cı ilin yaz aylarında istifadəyə verilməsi planlaşdırılır. “Apple” bu yeniliklə “Siri”ni daha funksional və istifadəçi ehtiyaclarına cavab verə biləcək səviyyəyə çatdırmağı hədəfləyir.
Mayya Hüseynova

