Taksi sürücüsü Böyük Britaniyalı nazirdən Krala şikayət edib
12-11-2025, 11:28

Bəzən bir taksi səfəri yalnız yol deyil — həm də ədalətə aparan uzun bir hekayə olur. Fransalı taksi sürücüsü Nassim Mimun belə bir hekayənin qəhrəmanına çevrilib. O, Böyük Britaniya kralı III Karla məktub yazaraq, britaniyalı nazir Devid Lemmi və onun həyat yoldaşına etdiyi, lakin ödənişi edilməmiş taksi xidmətinə görə yardım istəyib.
Bizimyol.info xəbər verir ki, hadisə barədə məlumatı "RTL" yayıb. Məlumata görə, sürücü aprel ayında Lemmi cütlüyünü İtaliyadan Fransaya aparıb. Üç gün davam edən bu səfərin sonunda isə tərəflər arasında gediş haqqı ilə bağlı ciddi anlaşılmazlıq yaranıb.
“Zati-aliləri, Sizdən xahiş edirəm ki, mənim işimə ədalətli yanaşasınız. Nazir mənə üç günlük səfər üçün bir qəpik də ödəmədi. Bu məsələ təkcə mənim haqqım deyil — bu, İngiltərənin şərəf məsələsidir,” – deyə Mimun kral III Karla ünvanladığı məktubda bildirib.
Fransalı sürücü iddia edir ki, səfər üçün müəyyən edilmiş 1550 avro məbləği nazir ödəməkdən imtina edib. Lemmi isə öz növbəsində sürücünü günahlandıraraq, onun “bağajı və müəyyən məbləğdə pulu götürüb qaçdığını” deyib.
Hazırda tərəflər arasında məsələ məhkəmə müstəvisinə keçib. Mimun isə ümidini yalnız ədalətə deyil, həm də monarxın müdaxiləsinə bağlayıb. “Mən artıq hüquq sistemindən çox, ədalətin səsinə inanmaq istəyirəm. Ona görə də birbaşa Kral III Karla müraciət edirəm. O, bu məsələyə son qoya bilər,” – deyə sürücü "RTL"ə açıqlamasında vurğulayıb.
Bu hadisə Britaniyada böyük rezonans doğurub. Bir tərəfdə Avropa diplomatiyasının simalarından biri — nüfuzlu nazir, digər tərəfdə isə gündəlik çörəyini sükan arxasında qazanan sadə bir sürücü. Hər iki tərəf öz “doğru hekayəsini” danışır, amma bu dəfə ədalətin tərəzisini bəlkə də kralın özü tutacaq.

