KİV: Fransada prokurorluq Sarkozi və həyat yoldaşına qarşı yeni ittiham irəli sürüb
17-12-2025, 12:58
Fransanın Milli Maliyyə Prokurorluğu sabiq Fransa prezidenti Nikolya Sarkozi və daha 10 nəfər barəsində 2007-ci il prezident seçki kampaniyasının Liviyanın sabiq lideri Müəmmər Qəddafi tərəfindən maliyyələşdirilməsi işi ilə bağlı şahidə rüşvət təklif edilməsi şübhəsi ilə yeni məhkəmə prosesinin keçirilməsini tələb edib.
Bu barədə AFP agentliyi xəbər verir.
Prokurorluq Sarkoziyə qarşı "mütəşəkkil dəstə tərkibində dələduzluq məqsədilə cinayətkar dəstədə iştirak" və "şahidin ələ alınmasına köməklik göstərmə" maddələri ilə ittiham irəli sürüb.
Prokurorluğun vəsatətində digər şübhəlilər arasında keçmiş prezidentin həyat yoldaşı Karla Bruni də yer alır - ona yalnız birinci maddə üzrə ittiham irəli sürülüb.
İstintaqın versiyasına görə, şübhəlilər Nikolya Sarkozini təmizə çıxarmaq üçün dələduzluq üsullarından istifadə edərək "məhkəməni aldatmağa cəhd göstəriblər".