ABŞ-də 80 min nəfərlik "üzən şəhər" salınır
Bu gün, 17:18

ABŞ-də dəniz səyahətləri üçün nəzərdə tutulan və 80 min nəfərin yaşaya biləcəyi nəhəng "üzən şəhər"in inşası təklif edilib.
Bu barədə "New York Post" nəşri məlumat yayıb.
"Freedom Ship" adlandırılan bu layihə sadəcə ənənəvi kruiz layneri deyil, dəniz üzərində daimi hərəkətdə olan tamhüquqlu bir şəhər konseptidir. Gəminin uzunluğunun təxminən bir mil (1.6 km) olacağı və onun iki-üç il ərzində dünya ətrafında tam dövr edə biləcəyi güman edilir.
Nəhəng gəminin insan tutumu belə planlaşdırılır:
- 50 000 daimi sakin üçün yaşayış yerləri;
- 10 000 turist üçün xüsusi məkanlar;
- 20 000 nəfərlik heyət.
Layihənin təxmini büdcəsi 16,.6 milyard dollar dəyərində qiymətləndirilir. "Freedom Cruise Line" şirkətinin rəhbəri Rocer Quç mövzu ilə bağlı bildirib: "Hər şeyi bir araya gətirə biləcəyimizə çox əminik, lakin hazırda qarşımızda duran əsas məsələ maliyyələşmədir".
"Üzən şəhər"in infrastrukturu:
Gəmidə məktəblər, kolleclər, mağazalar, banklar, gecə klubları, ikimərtəbəli fud-holl, 15 min tamaşaçı tutumlu stadion, akvapark, parklar, konsert zalı, konqres mərkəzi və muzeylərin inşası nəzərdə tutulub. Şəhərin müxtəlif əraziləri arasında sərnişinlərin rahat hərəkəti üçün tramvay sistemindən istifadə olunacaq.
"New York Post"un qeyd etdiyinə görə, gəmi dünyadakı istənilən liman üçün həddindən artıq böyük olacaq. Bu səbəbdən o, daim beynəlxalq sularda qalmalıdır. Sərnişinlər quruya bərələr vasitəsilə çata biləcəklər. Həmçinin gəminin yuxarı hissəsində səkkiz helikopter meydançasının yerləşdirilməsi də planlaşdırılır.
Xatırladaq ki, "Freedom Ship" ideyası hələ 1990-cı illərdə mühəndis Norman Nikson tərəfindən irəli sürülmüşdü. Onun vəfatından sonra layihə faktiki olaraq dondurulmuşdu. İndi isə mühəndislər bu layihəni yenidən həyata qaytarmağa çalışırlar, lakin tikintiyə başlamaq üçün hələ də böyük maliyyə vəsaiti tapmaq tələb olunur.

