Hakerlər "Meta AI"ni aldadaraq "Instagram" hesablarını ələ keçiriblər

Bu gün, 15:54           
Hakerlər "Meta AI"ni aldadaraq "Instagram" hesablarını ələ keçiriblər
"Instagram" bir sıra istifadəçi hesablarının ələ keçirilməsinə səbəb olan təhlükəsizlik boşluğunu aradan qaldırıb.

Valyuta.az xəbər verir ki,, hakerlər "Meta"nın süni intellektlə işləyən dəstək çat-botunu manipulyasiya edərək istifadəçilərin hesablarına giriş əldə ediblər.

Məlumata görə, son günlər "Reddit" və "X" sosial şəbəkələrində bir neçə istifadəçi "Instagram" hesablarının ələ keçirildiyini bildirib.

Hücum nəticəsində ələ keçirilən hesablar arasında ABŞ-ın keçmiş prezidenti Barak Obama dövrünün Ağ Evinə məxsus "Instagram" səhifəsi və ABŞ Kosmik Qüvvələrinin baş çavuşu Con Bentiveqnanın hesabı da olub.

Kibertəhlükəsizlik üzrə tədqiqatçı Ceyn Vonq da hesabının hakerlərin nəzarətinə keçdiyini açıqlayıb. Onun sözlərinə görə, parolu xəbəri olmadan dəyişdirilib və gün ərzində müxtəlif parol yeniləmə cəhdləri qeydə alınıb.

Yayılan videolardan birində hücumun necə həyata keçirildiyi ətraflı göstərilib. İddialara görə, haker əvvəlcə VPN vasitəsilə öz yerləşdiyi məkanı qurbanın olduğu ərazi kimi göstərib. Daha sonra "Meta AI Support Assistant" ilə yazışaraq hədəf hesabına yeni elektron poçt ünvanının əlavə edilməsini istəyib.

Çat-bot həmin elektron poçt ünvanına təsdiq kodu göndərib. Haker kodu sistemə daxil etdikdən sonra bot "Parolu sıfırla" düyməsini aktivləşdirib və nəticədə hesabın parolu dəyişdirilərək nəzarət tamamilə ələ keçirilib.

Maraqlısı odur ki, hücum zamanı qurbanın əsas elektron poçt hesabına giriş əldə edilməyib. Bu isə boşluğun birbaşa "Meta"nın dəstək sistemində olduğunu göstərib.

"Instagram"ın rəsmisi Endi Stoun problemin artıq aradan qaldırıldığını açıqlayıb. Bununla belə, boşluqdan istifadə olunaraq neçə hesabın ələ keçirildiyi barədə məlumat verilməyib.

"Meta" isə məsələ ilə bağlı əlavə şərh verməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru