İqlim dəyişir, Azərbaycan hökuməti aqrar siyasətini dəyişə biləcəkmi?
3-06-2026, 11:28

Əgər çox yağıntı yağırsa, iqlim son illərdə dəyişirsə, hökumət də aqrar sektorla bağlı strategiyasını dəyişməlidir.
Azərbaycan hökuməti kənd təsərrüfatı strategiyasında yeni iqlim şəraitinə uyğunlaşma tədbirlərini gücləndirməlidir.
Rəsmi məlumatlara görə, Azərbaycanda orta temperatur 0,8–1,8°C artıb. İqlim dəyişmələri nəticəsində su ehtiyatlarının azalması və hava şəraitinin qeyri-sabitləşməsi taxıl, pambıq və tütün kimi strateji məhsulların məhsuldarlığına mənfi təsir göstərir. Kənd Təsərrüfatı Nazirliyi bildirir ki, xüsusilə dənli bitkilərin məhsuldarlığında azalma müşahidə olunur.
Eyni zamanda pambıqçılıq sektoru da risk altındadır. FAO ekspertlərinin qiymətləndirməsinə görə, iqlim dəyişiklikləri və torpaq deqradasiyası pambıq məhsuldarlığında ən böyük azalma gözlənilən sahələrdən biridir.
Lakin son dövrlərdə bəzi bölgələrdə müşahidə olunan bol yağıntılar yeni imkanlar da yaradır. Çox yağıntı çəltik (düyü), qarğıdalı, yonca və yem bitkilərinin becərilməsi üçün daha əlverişli şərait yarada bilər. Bunun əksinə olaraq, pambıq, tütün, üzüm, günəbaxan və tərəvəzlərin bir hissəsi həddindən artıq rütubətdən zərər görür, göbələk xəstəlikləri artır və məhsulun keyfiyyəti aşağı düşür.
Bu səbəbdən aqrar siyasət yalnız ənənəvi məhsullara deyil, iqlimə davamlı və su rejiminə uyğun bitkilərin becərilməsinə yönəlməlidir. Yeni şəraitdə drenaj sistemlərinin qurulması, suya davamlı toxumların tətbiqi və əkin strukturunun dəyişdirilməsi kənd təsərrüfatının dayanıqlığını artırar.
Deməli iqlim dəyişiliyinə uyğun olaraq Azərbaycanda maldarlıq təsərrüfatlarının inkişaf etdirilməsi üçün əlverişli şərait yaranır. Bol yağıntılar otlaq sahələrini uzun müddət istifadə üçün əlverişli edir.
Azərbaycanda kənd təsərrüfatına yararlı torpaqlar təxminən 4,78 milyon hektar, əkinə yararlı torpaqlar təxminən 2,04 milyon hektar,
otlaq və örüş sahələri isə təxminən 2,31 milyon hektardır.
Başqa sözlə, kənd təsərrüfatı təyinatlı torpaqların təxminən yarısı örüş və otlaq sahələridir. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri də dəfələrlə bildiriblər ki, ölkədəki 4,8 milyon hektara yaxın kənd təsərrüfatı torpağının təxminən 2,3 milyon hektarı örüş sahələridir.
Bu qədər örüş sahəsi varsa, bəs o zaman niyə iri və xırdabuynuzlu heyvanların sayı hər il sürətlə azalır?
Əvvəla örüş sahələri ilə bağlı rəqəmlər kağız üzərindədir. Rəsmi statistikaya görə ölkədə mövcud olduğu iddia edilən örüş sahələri daha azdır.
Diğər tərəfdən yem çatışmazlığı maldarlığın inkişafına ciddi maneədir. Hökumətin hesabatlarında qeyd olunur ki, heyvanların yemə olan tələbatı tam ödənilmir. Qüvvəli yemə tələbatın təxminən 50–60%-i, quru ota tələbatın 40–50%-i qarşılanır. Bu isə fermerləri sürüləri azaltmağa məcbur edir.
Başqa bir problem fermerlər heyvanı uzun müddət saxlamaq əvəzinə daha tez satışa çıxarırlar. Hətta aşağı çəkili heyvanların kəsilməsi halları da artır. Bu da maldarlığın sürətlə zəifləməsinə səbəb olur.
Maraqlı məqam budur ki, əgər son illərdə müşahidə olunan yağıntı artımı davamlı xarakter alsa və örüşlərin məhsuldarlığı yüksəlsə, bu tendensiya qismən dəyişə bilər. Azərbaycanın 2,3 milyon hektardan çox örüş sahəsi var və onların məhsuldarlığının cəmi 20–30% artması belə milyonlarla ton əlavə yem bazası yarada bilər. Lakin bunun üçün sadəcə yağış kifayət deyil. Örüşlərin bərpası, suvarma, yem bitkilərinin əkini və fermerlərin iqtisadi stimullaşdırılması da lazımdır.
Bunun üçün isə iqlim dəyişirsə, hökumət də aqrar sektora yanaşmasını dəyişməlidir. Bunu isə daha çevik etmək lazımdır.
Razi Abasbəyli
TEREF

