Naxçıvanda Urartu kitabəsini kim tapıb?! - Cavan alimimiz SOS siqnalı verir...
Bu gün, 11:44

Qəribə də səslənsə deməliyəm ki, Naxçıvandakı Urartu kitabəsini Azərbaycan arxeoloqları "yenidən aşkar ediblər". Ona görə də "yerində aşkar edilməsi", "tapılması" kimi ibarələr ilk dəfə tapılması mənasına gəlməz. Vaxtilə S.Qaşqay da bu kitabənin "yenidən aşkar edilməsi" üçün Naxçıvanda ezamiyyətdə olmuşdur, amma o zaman heç bir ciddi nəticə olmamışdır. Qeyd edim ki, S.Qaşqay məlum kitabında özü orijinal mənbəni oxuyub tərcümə etməyib, 1996-cı ildə S.Q.Hmayakyan, V.A.İqumnov və H.H.Qaragözyanın İtaliyada Roma Sapienze Univeraitetinin "Egey-Aralıq dənizi Tədqiqatları" jurnalında nəşr edilmiş məqaləsinə istinad edib, onların tərcüməsini vermişdir. Qeyd edim ki, şərəfsiz də olsalar dünya elmi dairələrində bu kitabə ilk dəfə ermənilər tərəfindən təqdim edildiyi üçün onların "Naxçıvan-Hocasar kitabəsi" adlandırması ilə qəbul edilmişdir.
Bu kitabəni ilk dəfə kim aşkar edib? Əlbəttə rus geoloqu V.A.İqumnov. 1988-ci ildə V.A.İqumnov Naxçıvanda hidroloji kəşfiyyat işləri apararkən aşkar edib fotolarını çəkmişdir. Birinci Qarabağ müharibəsindən sonra isə V.A.İqumnov Ermənistanda da geoloji tədqiqatlar aparmışdır. Bəs V.A.İqumnov niyə o kitabənin fotolarını Azərbaycan SSR EA-ya təqdim etməmişdir? Əlbəttə Azərbaycanda Urartu mixiyazılarını oxuya bilən mütəxəsis olmadığı üçün. Təəssüf ki, 1988-ci ildən indiyədək Azərbaycanda bu sahədə, yəni Urartu mixiyazılı mənbələrinin öyrənilməsi istiqamətində heç bir ciddi irəliləyiş olmadığı üçün, hətta geriyə doğru sürətli addımlar atıldığı üçün yeni iqumnovlar ortaya çıxsalar da Azərbaycan alimləri ilə, daha doğrusu, mütəxəsis olmayan "alimlərlə" əməkdaşlıq etməyəcəklər, nəticədə yenə bu yazıq ölkənin, biçarə xalqın qədim tarixini rus və erməni birləşərək
(Hmayakyan+İqumnov+Qaragözyan triosu kimi) uyduracaqlar, ən gülməlisi isə bizim yalançı "alimlər" bu kitabələrdəki yer-yurd , tayfa, şəxs adlarının başına min cür oyun açaraq saxtalaşdıracaqlar. Ortaya isə Azərbaycanın qədim yalan tarixi ortaya çıxacaq... təəssüf ki, real vəziyyət budur, ortalıqda qədim tarixlə məşğul olan buqələmunlar "at oynadır", layhiə "udur" və gopaloji filmlər hazırlayırlar...

P.S. Hazırda Ankara Universitetindəyəm, yenə keçən illərdə olduğu kimi "Qədim Dillər və Kültürlər Bölümü"nə gedəcəm. Əgər Azərbaycanda ali hakimiyyət orqanlarında çalışan və Azərbaycanın qədim tarixinə ciddi münasibəti olan kimsə varsa əlaqə saxlasın bu universitetlə mənim buradakı fəaliyyətimlə maraqlansın, ən əsası isə qalıb Şumer, Akkad, Babil və Aşşur dillərini praktik təhsil proqramına başlamağıma dəstək olduğunu gostərsin. Yoxsa onlarla kitabə tapılacaq, amma yenə qədim tarixsiz qalıb, rusun, erməninin tərcüməsinə istinad edəcəksiniz...
Əlavə olaraq deyim ki, kitabədə Arşini yox URU.Arsini (s=ts) yazılıb, yalan yazmayın, hələ stela da "varıymış" kitabədə, özünüzü güldürməyin))
Ramin Əlizadə

