"Alphabet" süni intellektə 80 milyard dollarlıq sərmayə planlaşdırır

Bu gün, 16:44           
"Alphabet" süni intellektə 80 milyard dollarlıq sərmayə planlaşdırır
"Google"un ana şirkəti olan "Alphabet" süni intellekt infrastrukturu üzrə genişmiqyaslı investisiyalarını maliyyələşdirmək məqsədilə 80 milyard dollar həcmində vəsait cəlb etməyi planlaşdırdığını açıqlayıb.

Valyuta.az xəbər verir ki, şirkət bu məqsədlə səhmlərini satışa çıxaracaq və əldə olunan vəsaiti ümumi korporativ ehtiyacların, o cümlədən süni intellekt infrastrukturu və qlobal hesablama gücünün genişləndirilməsi üçün kapital xərclərinin maliyyələşdirilməsinə yönəldəcək.

Planın bir hissəsi olaraq "Alphabet" 10 milyard dollarlıq səhmi məşhur investor Uorren Baffetin uzun illər rəhbərlik etdiyi "Berkshire Hathaway" holdinqinə satacaq.

Şirkət bildirib ki, müəssisələr və istehlakçılar tərəfindən süni intellekt həlləri və xidmətlərinə tələbat mövcud imkanları üstələyir. Bu səbəbdən "Alphabet" qarşıdakı illərdə gözlənilən artımı dəstəkləmək üçün əsas infrastrukturunu genişləndirməyə çalışır.

Şirkətin açıqlamasına görə, səhmlərin satışı investisiyaların balanslı şəkildə maliyyələşdirilməsinə və eyni zamanda sağlam maliyyə vəziyyətinin qorunmasına imkan verəcək.

Qeyd edək ki, "Google" digər texnologiya nəhəngləri kimi bu il süni intellekt sahəsinə rekord həcmdə investisiya yatırmağı planlaşdırır. Şirkətin baş direktoru "Sundar Piçai" ötən ay keçirilən "Google I/O" tədbirində bildirib ki, "Alphabet" ilin sonunadək kapital xərclərinə 180-190 milyard dollar ayırmağı nəzərdə tutur. Analitiklərin hesablamalarına görə, texnologiya nəhənglərinin süni intellektlə bağlı kapital xərcləri bu il ümumilikdə 700 milyard dollara çata bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru