Yer kürəsinə nəhəng asteroid yaxınlaşır

Bu gün, 17:18           
Yer kürəsinə nəhəng asteroid yaxınlaşır
İyunun 27-si, şənbə günü Yer kürəsinə təhlükəsiz məsafədə nəhəng bir asteroid yaxınlaşacaq.

Bu barədə Avropa Kosmik Agentliyinə (ESA) istinadən BFMTV məlumat yayıb.

Bildirilib ki, bu kosmik obyekti həvəskar teleskoplar və güclü binokllar vasitəsilə görmək mümkün olacaq. ESA nümayəndəsi Xuan Luis Kano xəbərdarlıq edib ki, Ayın parlaqlığı müşahidələrə müəyyən dərəcədə mane ola bilər. O, qeyd edib ki, belə ölçüyə malik obyektlərin Yerə bu qədər yaxınlaşması bir neçə ildə cəmi bir dəfə baş verən hadisədir.

"(152637) 1997 NC1" adlanan səma cismi hələ 1997-ci ildə kəşf edilib. Hesablamalara görə, onun diametri 750 ilə 1650 metr arasındadır, lakin agentlik mütəxəssisləri real ölçülərin daha kiçik ola biləcəyini də istisna etmirlər.

Maksimum yaxınlaşma şənbə günü Bakı vaxtı ilə saat 15:14-də qeydə alınacaq. Asteroid Yer kürəsindən 2.5 milyon kilometrdən çox məsafədə uçub keçəcək. Bu məsafə Aydan demək olar ki, yeddi dəfə uzaq olduğu üçün hər hansı bir toqquşma təhlükəsi mövcud deyil.

Obyekti ən yaxşı halda yaxınlaşma zamanı Şimal yarımkürəsindən müşahidə etmək tövsiyə olunur. Asteroid uzaqlaşmağa başladıqda isə o, yalnız Cənub yarımkürəsindən görünəcək.

Xatırladaq ki, daha əvvəl üç ildən sonra Yer kürəsinin yanından "Xaos Tanrısı" kimi tanınan daha bir nəhəng asteroidin keçəcəyi barədə məlumat verilmişdi. Alimlərin sözlərinə görə, həmin obyektin ölçüləri üç futbol meydançası ilə müqayisə edilə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru