"Süni intellekt dövründə insanın ən böyük üstünlüyü onun proqnozlaşdırıla bilməməsidir"
Dünən, 16:34

Şirkətlər artıq səhnədə yalnız motivasiya çıxışları deyil, dünyadakı dəyişiklikləri daha dərindən anlamağa kömək edən məsləhətçilik məzmunu tələb edirlər.
Bunu Speaker Agency-nin həmtəsisçisi Esin Kasa Biznes Liderləri Zirvəsində çıxışı zamanı deyib.
O bildirib ki, süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə insan amilinin və etimadın əhəmiyyəti daha da artır:
"Süni intellekt dalğası böyüdükcə etimada və insan toxunuşuna olan ehtiyac da artır. Etimad naməlumla qurulan təhlükəsiz münasibətdir".
Esin Kasa qeyd edib ki, dünyada etimad anlayışı yeni məzmun qazanır və insanlar arasında əlaqələrin yenidən qurulması prosesi gedir:
"Hazırda səhnədən zala, insandan insana etimadı yenidən inşa etdiyimiz bir dövrdən keçirik".
Onun sözlərinə görə, son illərdə dünya ardıcıl böhranlarla üzləşib:
"Pandemiya, müharibələr və təchizat zənciri böhranları qlobal miqyasda yeni reallıqlar formalaşdırıb. Bu dəyişiklikləri anlamaq və onlara uyğunlaşmaq liderlər üçün əsas prioritetlərdən biridir".
Esin Kasa vurğulayıb ki, süni intellektin dünyanı daha standart hala gətirdiyi bir dövrdə insanların qoruyub saxlamalı olduğu ən vacib xüsusiyyət fərqlilikdir:
"Süni intellektin dünyanı standartlaşdırdığı bir dövrdə bizim insan olaraq əlimizdə saxlamalı olduğumuz ən vacib şey proqnozlaşdırıla bilməməyimizdir".

