Rəqəmsal pulların qiymətini alt-üst edə biləcək əsas faktor açıqlandı
Bu gün, 17:24

Kriptovalyuta bazarında müşahidə olunan dəyişikliklər, xüsusilə qiymətlərin enib-qalxması investorların diqqətini yenidən bu sahəyə yönəldib. Xüsusilə Bitcoin və digər rəqəmsal aktivlərin gələcəkdə yenidən yüksəlişə keçib-keçməyəcəyi ilə bağlı müzakirələr artıb. Bəs, bu aktivlərin dəyərinə təsir edən əsas amillər nələrdir və bazarda yenidən artım ehtimalı hansı iqtisadi və maliyyə faktorlarından asılıdır?
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, Bitcoin və digər rəqəmsal aktivlər yenidən yüksələ bilər.
"Kriptovalyuta bazarı ümumiyyətlə yüksək volatilliyi ilə seçilən bir bazardır. Burada qiymətlər həm kəskin şəkildə enə, həm də sürətlə yüksələ bilər. Bu məsələdə çox şey iri mərkəzi bankların və böyük ölkələrin siyasətindən, bazarın tənzimlənməsi və requlyasiya qaydalarından asılıdır. Çünki investorları ən çox narahat edən məqamlardan biri odur ki, gələcəkdə kriptovalyutaların dövriyyəsinə məhdudiyyət qoyula, hətta müəyyən qadağalar tətbiq oluna bilər".
Ekspert bildirib ki, eyni zamanda, məsələ mərkəzi bankların öz ehtiyatlarında kriptovalyutalara yer verib-verməyəcəyindən də asılıdır.
"Necə ki, hazırda qızıl və müxtəlif dövlət istiqrazları ehtiyat kimi saxlanılır, gələcəkdə kriptovalyutaların da bu siyahıya daxil edilib-edilməyəcəyi önəmli amillərdən biridir. Yəni burada bir çox məqam rol oynayır. Əsas amillər isə ölkələrin requlyasiya və tənzimləmə siyasəti, həmçinin iri mərkəzi bankların qərarlarıdır. Əgər bu istiqamətdə müsbət dəyişikliklər olarsa, bazarda artım müşahidə edilə bilər. Əks halda isə vəziyyət kəskin şəkildə mənfi istiqamətə dəyişə bilər".
Digər taleyüklü məqam isə aparıcı mərkəzi bankların rəqəmsal aktivlərə qarşı yanaşmasıdır. Hazırda rəsmi qurumların qızıl və dövlət istiqrazlarını strateji ehtiyat kimi saxladığı kimi, gələcəkdə kriptovalyutaların da rəsmi ehtiyat aktiv siyahısına daxil edilib-edilməyəcəyi böyük əhəmiyyət kəsb edir. Ekspert vurğulayır ki, beynəlxalq maliyyə institutlarının və mərkəzi bankların qərarları müsbət istiqamətdə dəyişərsə, bazarda güclü artım dalğası qaçılmaz olacaq. Əks halda isə rəqəmsal aktivlərin gələcəyi kəskin şəkildə mənfi məcrada inkişaf edə bilər.

