Böyük Britaniyada dəfn qalmaqalı: İllərlə gizlədilən dəhşətli həqiqət üzə çıxdı

Bu gün, 15:38           
Böyük Britaniyada dəfn qalmaqalı:
Böyük Britaniyanın Hall şəhərində fəaliyyət göstərən "Legacy Independent Funeral Directors" dəfn bürosu ətrafında qalmaqal yaranıb.

Bu barədə "Daily Mirror" nəşri məlumat yayıb.

Məlumata görə, övladlarını itirən dörd ana dəfn bürosunun sahibi Robert Buşdan körpələrinin qalıqları əvəzinə heyvan külü alıblar.

Zərərçəkənlərdən biri, 28 yaşlı Lüsi Ness bildirib ki, 2021-ci ildə hamiləliyinin 11-ci həftəsində övladını itirib. Robert Buş körpənin cəsədinin dəfni ilə məşğul olacağını desə də, illər sonra ailəyə təqdim edilən külün heyvana aid olduğu müəyyən edilib. Ekspertiza urnadakı qalıqların uşağa deyil, heyvana məxsus olduğunu təsdiqləyib. Daha sonra polis, ölümündən iki il keçməsinə baxmayaraq, körpənin cəsədini dəfn bürosunda kağız paketdə aşkarlayıb.

40 yaşlı Jasmin Beverli də oğlu Sanninin ölümündən sonra Robert Buşa etibar edib. O, təqdim edilən külü qəbul edərək dəfn mərasimi təşkil edib. Lakin iki il sonra məlum olub ki, uşağın cəsədi bütün bu müddət ərzində dəfn bürosunun soyuducu kamerasında qəhvəyi kağız paketdə saxlanılıb.

Zərərçəkən analar bir araya gələrək dəfn xidmətləri sahəsində nəzarətin gücləndirilməsini tələb edirlər. Onlar hesab edirlər ki, hamiləliyin 24-cü həftəsinə qədər baş verən döl itkisi cəmiyyət tərəfindən kiçildilməməli, hörmət və həssaslıqla yanaşılan ağır bir faciə kimi qiymətləndirilməlidir.

Bildirilib ki, bu həftə Robert Buşun işi üzrə məhkəmə dinləmələri başlayacaq. O, dələduzluq və meyitlərin təhqir olunması ittihamları ilə mühakimə olunur.

Zərərçəkənlər bildirirlər ki, övladlarının əsl qalıqlarının taleyi ilə bağlı həqiqəti bəlkə də heç vaxt öyrənə bilməyəcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru