UEFA-dan FIFA-ya İTTİHAM: "Yalnız özünü və dostlarını zənginləşdirməyi düşünür"

Bu gün, 15:34           
UEFA-dan FIFA-ya İTTİHAM: "Yalnız özünü və dostlarını zənginləşdirməyi düşünür"
UEFA FIFA-nı milli assosiasiyalara ödənişlər etməklə kommersiya hüquqlarının satışı ideyasını dəstəkləmək planını tənqid edib.

Bu barədə UEFA-nın "X" sosial şəbəkəsində yaydığı bəyanatda deyilir.

"Bu gün FIFA-nın assosiasiyalara təklifləri dəstəkləmək üçün müəyyən etdiyi son tarix məlum olub. Əks halda birdəfəlik ödəniş təklifi geri götürüləcək. Bu isə planın özü haqqında çox şey deyir. Futbol dünyasında bir çox maraqlı tərəflərlə apardığımız müzakirələrdən sonra UEFA anlayır ki, FIFA-nın bu sxeminə qarşı ciddi və getdikcə artan müqavimət var", - deyə bəyanatda qeyd olunub.

UEFA bildirib ki, FIFA futboldan "özünü və dostlarını zənginləşdirmək üçün" istifadə etməyə davam edə bilməz. Təşkilat futbol assosiasiyalarının, klubların, liqaların, oyunçuların və azarkeşlərin maraqlarına üstünlük verilməsinə çağırıb.

Bundan əvvəl FIFA-nın dünya çempionatının kommersiya hüquqlarının bir hissəsini satmaq planı məlum olub. FIFA 20 milyard dollar dəyərində "FIFA Forward Enterprise" (FFE) adlı törəmə şirkət yaratmağı və onun 25 faizini xarici investorlara 4.2 milyard dollara satmağı planlaşdırır.

FFE FIFA-nın özünə məxsus olacaq və federasiyanın kommersiya fəaliyyətlərini, eləcə də tədbirlərin təşkilini birləşdirəcək.

Daha sonra "Sky News" məlumat yayıb ki, FIFA prezidenti Canni İnfantino üzv assosiasiyalara məktub göndərərək plana dəstək vermək üçün sentyabrın 19-dək vaxt verib. O, planın qəbul edilməsinə təşviq kimi 40 milyon dollar maliyyə dəstəyi təklif edib.

İnfantino xəbərdarlıq edib ki, assosiasiyalar planı dəstəkləməsələr, inkişaf layihələri, kütləvi futbol və milli komandalar üçün daha az vəsait ayrılacaq.

Qeyd edək ki, UEFA daha əvvəl də İnfantinonun hüquqların satışı ilə bağlı planlarını tənqid edib və bildirib ki, "heç birimiz futbolun sahibi deyilik və FIFA-nın onu satmağa haqqı yoxdur".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru