İsveçdə Rusiyaya hərbi məxfi məlumat ötürməyə cəhd edən şəxs məcburi psixiatrik müalicəyə göndərilib

Bu gün, 11:34           
İsveçdə Rusiyaya hərbi məxfi məlumat ötürməyə cəhd edən şəxs məcburi psixiatrik müalicəyə göndərilib
İsveç məhkəməsi ölkənin Silahlı Qüvvələrinin sabiq məsləhətçisini Rusiyaya məxfi məlumat ötürməyə cəhd etməkdə təqsirli bilib və onun barəsində məcburi psixiatrik müalicə qərarı çıxarıb.

Ordu.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Məhkəmənin məlumatına görə, ağır psixi pozuntudan əziyyət çəkən 34 yaşlı şəxs ötən ilin noyabrında İsveç ordusunda kompüter məsləhətçisi işlədiyi dövrdə əldə etdiyi məxfi məlumatları Rusiya tərəfinə ötürmək məqsədilə Moskvaya gedib.

Bildirilib ki, həmin şəxs Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) və Baş Kəşfiyyat İdarəsi ilə əlaqə saxlayaraq məlumatları Rusiya vətəndaşlığı və xüsusi mühafizə müqabilində təqdim etməyi təklif edib.

Prokurorluğun versiyasına görə, təqsirləndirilən şəxs “Baş Kəşfiyyat İdarəsi vasitəsilə hərbi müdafiə haqqında müraciət” adlı sənədi hazırlamaq üçün süni zəkadan istifadə edib. Həmin sənəddə o, Rusiya tərəfinə müraciət etməsinin səbəblərini izah edib.

Məhkəmə sənədlərində yalnız R.T. baş hərfləri ilə göstərilən şəxs üç gün davam edən məhkəmə prosesində ittihamları rədd edib. İclasların bir hissəsi qapalı keçirilib.

Bundan başqa, onun barəsində qəsdən adam öldürməyə hazırlıq ittihamı üzrə istintaq davam edir.

İsveçin Dövlət Təhlükəsizlik Xidməti (SAPO) daha əvvəl Rusiyanın ölkə üçün əsas hərbi və kəşfiyyat təhdidi olduğunu bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru