“Newsweek”: Rusiyada yeni səfərbərlik müharibəni uzada bilər, lakin nəticəsini dəyişməyəcək
Bu gün, 12:34
Rusiyada payızda yeni məcburi səfərbərlik elan olunacağı təqdirdə bu, müharibənin müddətini uzada bilər, lakin onun yekun nəticəsinə həlledici təsir göstərməyəcək.
Ordu.az xəbər verir ki, bu barədə “Newsweek” nəşri hərbi ekspertlərin rəylərinə istinadən yazıb.
Məqalədə xatırladılır ki, Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl Rusiyada parlament seçkilərindən sonra Prezident Vladimir Putinin 300-500 min nəfərin səfərbər olunmasını elan edə biləcəyini bildirmişdi.
Bununla belə, Qərb ekspertləri bu addımın cəbhədə vəziyyəti nə dərəcədə dəyişəcəyi ilə bağlı ortaq mövqeyə malik deyillər.
“Foundation for Defense of Democracies” təşkilatının Rusiya proqramı üzrə direktor müavini Con Hardinin fikrincə, əlavə səfərbərlik Rusiyaya müharibəni davam etdirməyə kömək etsə də, onun nəticəsini köklü şəkildə dəyişməyəcək.
Ekspert qeyd edib ki, Rusiya ordusunun əsas problemi canlı qüvvənin sayı deyil, şəxsi heyətin keyfiyyətidir.
Onun sözlərinə görə, əlavə səfərbər olunanlar yalnız ayrı-ayrı istiqamətlərdə tədricən irəliləyiş əldə etməyə imkan verə bilər, lakin Ukrayna müdafiəsinin yarılması üçün kifayət etməyəcək.
Hardi hesab edir ki, Putin yeni səfərbərlik qərarı verərsə, bu, onun müharibənin planlaşdırıldığı kimi getmədiyini qəbul etməsi anlamına gələcək.
Ekspert əlavə edib ki, belə qərar ölkədən yeni kütləvi miqrasiyaya səbəb ola, həmçinin Rusiyada getdikcə daha çox narazılıq doğuran müharibəyə qarşı daxili etirazları gücləndirə bilər.
Müdafiə məsələləri üzrə analitik Georgi Revişvili də bildirib ki, yeni səfərbərlik olmadan Rusiya Baş Qərargahı yeni iri hərbi birləşmələr formalaşdırmaq imkanına malik deyil.
Onun sözlərinə görə, gələcək səfərbərliyin miqyası və çağırılan şəxslərin hazırlıq səviyyəsi bunun Ukrayna üçün nə dərəcədə ciddi təhlükə yaradacağını müəyyən edəcək.
Rusiyanın sabiq müxalif siyasətçisi Mixail Xodorkovski də hesab edir ki, yeni səfərbər olunanlar müharibənin gedişini köklü şəkildə dəyişə bilməyəcək.
Onun fikrincə, hazırlıqsız insanların döyüşə göndərilməsi yalnız Rusiyanın canlı qüvvə itkilərini artıracaq.
Qeyd olunur ki, mümkün yeni səfərbərlik Rusiyada iqtisadi vəziyyətin pisləşməsi, cəbhədə böyük itkilər və Ukraynanın strateji infrastruktura endirdiyi zərbələr fonunda həyata keçirilə bilər ki, bu da Kreml üzərində daxili təzyiqi daha da artıra bilər.
Rusiya hakimiyyəti isə yeni səfərbərliklə bağlı yayılan məlumatları təkzib edir. Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bu xəbərləri “düşmənin yaydığı yalan” adlandırıb.
Bununla yanaşı, ABŞ-də fəaliyyət göstərən Müharibənin Öyrənilməsi İnstitutu (ISW) hesab edir ki, yekun qərar şəxsi olaraq Vladimir Putindən və onun döyüş meydanındakı vəziyyətə verdiyi qiymətdən asılı olacaq.

