Şübhə inancın düşmənidir...

Bu gün, 10:38           
Şübhə inancın düşmənidir...
İllər öncə (hələ müharibə olmamışdı) bir sorğu paylaşmışdım:
- İnandığınız dinin peyğəmbəri milliyyətcə erməni olsaydı, ona inanardınızmı?
Çox az sayda mədəni cavab verən, sorğuda iştirak edən dindarlar var idi. Əksəriyyət məni rəylərdə, şəxsi mesaj qutusuna mesaj yazaraq, bəziləri zəng edərək təhqir və təhdid edirdi.
Mən isə nə kiminsə inancını, nə də kiminsə şəxsiyyətini tənqid və ya təhqir etmişdim. Sadəcə, sorğu xarakterli bir sual paylaşmışdım. Qarşılığında təhqir olundum.
Ateist-dindar dialoqunda inanclı kəsimi hiddətləndirən çox vaxt ateistlərin cavabları və ya din üzərindən şərhləri deyil, sualları olur.
Verilən sadə bir sual sayəsində qarşıdurma yaranır. Niyə suallar inanclı kəsimi narahat edir?
İnanc suallardan qaçıb, qeyri-şərtsiz təslim olmaq metodudur. İnancda sual vermək, sorğulamaq yoxdur. İnanc deyir ki, bu sualları insanın özü-özünə və ya başqalarına verməyə ehtiyac yoxdur. Göylərdən təbiətüstü bir qüvvə verilən, verilə biləcək bütün sualların cavablarını müqəddəs kitablar vasitəsilə göndərib. Bizə düşən ona inanmaqdır.
İnancın əksi isə fəlsəfədir. İnancdan fərqli olaraq fəlsəfə insanı təslim olmağa yox, sorğulamağa, düşünməyə, düşüncənin əksini, alternativlərini axtarmağa sövq edir. İnanc heç bir sorğusu, rasional sübutu olmayan hazır cavabdır. İnanc şübhəsiz həqiqət prinsipi əsasında çalışır. İnanca görə insan quldur, Allah sonsuz qüdrət sahibi. Qulun sultanı sorğulamaq haqqı yoxdur.
Fəlsəfəyə və sonrakı dövrdə ortaya çıxan elmə görə isə bütün subyekt və obyektlər müzakirə mövzusudur, sorğulana bilər. Fəlsəfənin və elmin başlıca meyarı sualdır. Sual isə şübhənin məhsuludur.
Bu səbəbdən də mövqeyindən asılı olmayaraq, inanca və dinə dair sual verən insan ilk inanclı kəsimin obyektivinə tuş gəlir. Və verilən sual qarşı tərəfdə hiddət doğurur. Çünki sən sorğulayırsan, o, isə şübhəsiz, sorğu-sualsız inanır. O, öz şübhəsizliyini iqtidar hesab edir. Sənin şübhən onun iqtidarına qarşı çıxan müxalifdir. Sən sual verməklə onun müqəddəs hesab etdiyi dəyərləri şübhə altına salırsan. Onun dəyərlər sistemində insan yer-göy rabitəsi üzrə heç kimdir. Onun Allaha sual vermək, prosesin niyəsini soruşmaq haqqı yoxdur. Məsələn, orta əsrlərdə rəiyyət krala sual verə bilərdimi? Xeyr. Çünki o, kraldır. Hər şeyin doğrusunu o bilir. Sən rəiyyət olaraq kimsən ki, krala sual verəsən?! O cümlədən sən bəndə olaraq kimsən ki, Allaha sual verəsən? İnanclı insan ona təslim olub, onun nəzərində sonsuz qüdrət sahibi, toxunulmazdır. Və o, özü öz Allahına sual verə bilmədiyi halda kənardan birinin çıxıb, sual verməsi, onun daxili toxunulmazlığının sərhədlərini kiçildir.
Digər tərəfdən qarşı tərəfin qısqanclıq hissləri baş qaldırır: "Mən də insanam, müsahibim də. O, özünü azad hesab edib, sual verir, mən verə bilmirəm".
Bu hiddəti doğuran digər səbəb populyasiya təəssübkeşliyidir. Təbiətdəki bütün populyasiyalar özünü böyütməyə, sərhədlərini genişləndirməyə can atır. İnsan bioloji olmaqla yanaşı, sosial canlı olduğu üçün həm də sosial populyasiyaların üzvüdür.
İnanc və din insana bir sosial kimlik və imic qazandırır. Bir inanca, dinə mənsub insanlar eyni populyasiyanın üzvüdürlər. Onlar birlikdə güclüdürlər. Onların sosial varlığının mahiyyəti sahib olduqları inanc və dindir. Bu inancı, dini şübhə altına salan istənilən suala, rasional elementlərə, məntiqi sorğuya qarşı birlikdə hücuma keçib və ya müdafiəyə qalxıb, onu zərərsizləşdirməyə çalışırlar. Bu prosesdə məqsəd doğrunu və ya yanlışı müdafiə etmək olmur. Onsuz da inancda sual, şübhə və məntiq yer almır. İnanclı üçün sübuta ehtiyac yoxdur, inandığı nəsnə doğrudur. Tək məqsəd qarşı tərəfi zərərsizləşdirməkdir. Çünki şübhə toxumu səpən istənilən sual, sorğu, məntiq elementi onun populyasiyasının üzvlərini inancından döndərib, qarşı cəbhəyə keçirə bilər. Bu da onun populyasiyasının zəifləməsi, onun sosial kimliyinin boşluğa düşməsi deməkdir.
Müseyləmə Hindistan səfərindən döndükdən sonra özünü peyğəmbər elan edir. Məhəmməd peyğəmbərin qəbuluna üç elçi və bir məktub göndərir. Məktubda şərt qoyur:
- Şərq sənin olsun, Qərb mənim. Mən sənin peyğəmbərliyini qəbul edirəm, sən də mənim peyğəmbərliyimi qəbul et.
Elçilər çadıra daxil olanda səhabələrdən biri elçilərdən birini öldürür. Məhəmməd peyğəmbər şərti rədd edir və elçilərə bildirir ki, Müseyləmə yaşamaq istəyirsə, bu torpaqlardan çıxmalıdır.
Müseyləmə isə Məhəmməd peyğəmbərin bu hərəkətinə qəzəblənir. Öncə öz qəsəbəsinə gəlib, müsəlman olmuş qəsəbə sakinlərini İslamdan döndərir. Qısa müddətdə böyük ordu toplayır. Məhəmməd peyğəmbər üç il ona qarşı mübarizə aparır. Vəfat etdikdən sonra üç il Əbu Bəkir mübarizə aparır. Daha sonra Ömər illərlə döyüşür. Müseyləməni məğlub edə bilmirlər. Sonunda Ömər Müseyləməni gizləndiyi qəsrin sahibindən satın alır və edam edir. Bu mübarizədə yüzlərlə adam həlak olur.
Başqa bir səbəb yenə inancın şübhəsizliyiylə bağlıdır. Əslində şübhə bütün insanlarda var. Amma əksəriyyət bu şübhənin üzərini inancla örtməyə çalışır. Orqanizmdə müddətli hüceyrələrin və genlərin üzəri bir müddət sonra zülalla örtüldüyü kimi. Qarşıdurmada inanan insan həm öz inancına duyduğu şübhə, həm ona sosial status verən nəsnəni itirmək qorxusu, həm də mövqe sahibi kimi eqonun özünü təmin etmək məqsədindən dolayı hiddətlənir.
Beləliklə, ateist-dindar dialoqlarının əksəriyyəti qarşıdurmayla nəticələnir. Və inancsız adamın heç bir mövqe nümayiş etdirmədən, fikir, şərh, tənqid bildirmədən ünvanladığı sual inanclı tərəfin hiddətlənməsinə səbəb olur.
Şübhə inancın düşmənidir...
Sahib Altay












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru