Yaponiyada əhali sayı son 42 ilin minimum səviyyəsinə enib
Bu gün, 16:18

Yaponiyanın yerli əhalisinin sayı son 42 ildə ilk dəfə 120 milyon nəfərdən aşağı düşüb.
Bu barədə ölkənin rəsmi statistika orqanı məlumat yayıb.
Məlumata görə, son bir il ərzində Yaponiyanın yerli əhalisinin sayı 916 min nəfər azalaraq 119 milyon 736 min nəfərə enib. Bu, 1968-ci ildən bəri qeydə alınan ən kəskin illik azalma hesab olunur.
Eyni zamanda, ölkə tarixində ilk dəfə xarici rezidentlərin sayı 4 milyon nəfəri ötüb. Beləliklə, miqrantlar da daxil olmaqla, Yaponiyada yaşayanların ümumi sayı 123 milyon 700 min nəfər təşkil edib.
Mütəxəssislərin fikrincə, son illər ölkədə əhalinin sürətlə qocalması və doğum səviyyəsinin rekord həddə enməsi demoqrafik vəziyyəti daha da ağırlaşdırır.
Yerli ekspertlər xəbərdarlıq edirlər ki, əmək qabiliyyətli əhalinin sayının sürətlə azalması yaxın illərdə ciddi iqtisadi problemlərə səbəb ola bilər. Analitiklərin sözlərinə görə, hazırkı işləyən nəsil gələcəkdə bugünkü pensiyaçıların aldığı həcmdə pensiya almaqda çətinliklə üzləşə bilər.
Proqnozlara əsasən, demoqrafik böhran gələcək illərdə daha da dərinləşəcək. Araşdırmalara görə, 2053-cü ilədək Yaponiyanın əhalisi 100 milyon nəfərə, 2065-ci ildə isə 88 milyon nəfərə qədər azalacaq.
Bununla yanaşı, həmin dövrdə ölkə əhalisinin təxminən 40 faizini 60 yaşdan yuxarı şəxslər təşkil edəcək.
Analitiklərin qənaətinə görə, bu tendensiya Yaponiyanın sosial və iqtisadi strukturunda ciddi dəyişikliklərə səbəb olacaq.

