NASA Yerin həqiqi formasını göstərən modeli təqdim edib - FOTO
Bu gün, 10:34
NASA Yerin geoid modelinin yeni vizuallaşdırmasını təqdim edib. Modeldə planet adi kürə və ya ellipsoid deyil, nahamar səthə malik kartofu xatırladan formada təsvir olunub.
Ordu.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Bildirilir ki, təqdim olunan görüntü Yerin həqiqi fiziki formasını əks etdirmir. Bu, okean səthinin yalnız cazibə qüvvəsinin təsiri altında, gelgitlər, axınlar və küləyin təsiri olmadan necə görünəcəyini göstərən elmi modeldir.
Modeldə görünən təpə və çökəkliklər Yerin daxilində maddələrin qeyri-bərabər paylanması nəticəsində yaranır. Daha sıx süxurların və ya maqmanın yerləşdiyi sahələr daha güclü cazibə qüvvəsi yaradaraq cazibə “təpələri” əmələ gətirir. Maddənin nisbətən az olduğu ərazilərdə isə cazibə qüvvəsi zəifləyir və “çökəkliklər” formalaşır.
Bu kiçik fərqləri görünən etmək üçün NASA cazibə dəyişikliklərini 10 min dəfə böyüdüb. Əslində isə bu dəyişikliklər cəmi bir neçə on metr təşkil edir və onları adi gözlə görmək mümkün deyil.
Alimlər bu modeldən istifadə edərək müəyyən ediblər ki, Yerin cazibə sahəsinin ən yüksək nöqtəsi İslandiya yaxınlığında yerləşir. Burada geoid dünya üzrə orta səviyyədən təxminən 85 metr yüksəkdir. Ən aşağı nöqtə isə Hindistanın cənubunda yerləşir və orta səviyyədən təxminən 106 metr aşağıdadır.
Qeyd olunur ki, ənənəvi xəritələrin əksəriyyəti hesablamaları və xəritələşdirməni asanlaşdırmaq üçün ellipsoid adlanan sadələşdirilmiş həndəsi model əsasında hazırlanır.

