Ağ Ev COVID-19-un mənşəyi ilə bağlı yeni versiya açıqlayıb

Bu gün, 16:38           
Ağ Ev COVID-19-un mənşəyi ilə bağlı yeni versiya açıqlayıb
Ağ Ev koronavirusun (COVID-19) laboratoriyamənşəli ola biləcəyini ehtiva edən yeni materiallar dərc edib.

Müvafiq məlumat ABŞ administrasiyasının rəsmi internet saytında yerləşdirilib.

Hesabat müəllifləri bildiriblər ki, virusun bəzi xüsusiyyətləri, onların fikrincə, təbii ştamlarda nadir hallarda müşahidə olunur. Sənəddə qeyd edilir ki, ilk yoluxma hallarının hamısı virusun insana bir dəfə keçməsi ilə bağlı ola bilər.

Materiallarda vurğulanır ki, bu vəziyyət əvvəlki bəzi epidemiyalardan fərqlənir. Həmin epidemiyalar zamanı infeksiya müxtəlif bölgələrdə bir neçə dəfə heyvanlardan insanlara keçmişdi.

Hesabatın əsas mövzularından biri Çində yerləşən Uhan Virusologiya İnstitutunun fəaliyyəti olub. Ağ Ev bildirib ki, institutun mütəxəssisləri koronavirusları araşdırır və onların xüsusiyyətlərini dəyişdirməyə yönəlmiş təcrübələr aparırdılar.

Sənəd müəllifləri laboratoriyada tətbiq olunan təhlükəsizlik səviyyəsinin kifayət qədər yüksək olmaya biləcəyini də iddia ediblər. Bundan başqa, hesabatda institutun bəzi əməkdaşlarında COVID-19-a bənzər simptomların hələ 2019-cu ilin payızında, yəni epidemiyanın rəsmi elanından bir neçə ay əvvəl müşahidə oluna biləcəyi qeyd olunur.

Materiallarda koronaviruslarla bağlı tədqiqatları maliyyələşdirən ABŞ-nin "EcoHealth Alliance" təşkilatına da toxunulur. Hesabat müəlliflərinin versiyasına görə, təşkilat ABŞ vergi ödəyicilərinin vəsaitini Çində viruslarla bağlı araşdırmalara yönəldib.

Mümkün qrant pozuntuları barədə məlumatlardan sonra ABŞ hökuməti "EcoHealth Alliance" təşkilatının maliyyələşdirilməsinin dayandırılması proseduruna başlayıb. Hazırda ABŞ Ədliyyə Nazirliyi təşkilatın pandemiya dövründəki fəaliyyətini araşdırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru